Əliyev Dadaş |
Azərbaycan dilinin mükəmməl şəkildə öyrənilməsi müxtəlif istiqamətli didaktik çalışmalardan keçir. Ana dilində danışan və yazan adamların nitqində olan qüsurlar şifahi və yazılı nitq vərdişlərinin daima təkmilləşdirilməsini tələb edir. Bu faktla barışmaq olmur ki, nəinki radio və televiziya kanallarının dəvətliləri, həmçinin aparıcıları da sözlərin düzgün tələffüzü və vurğusu ilə bağlı bağışlanmaz səhvlərə yol verirlər. Bütün bu səhvlərin kökünü orta və ali məktəblərdə dilimizin tərkib hissəsi olan fonetika bəhsi öyrənilərkən orfoepik qaydalara və vurğu mövzusuna kifayət qədər diqqət yetirilməməsində və geniş dinləyici və tamaşaçı kütlələri qarşısında ana dilimizdə danışanların müəyyən qisminin ədəbi tələffüz normalarına tam bələd olmamasında və bəzən sadəcə bəzi dil daşıyıcılarının tələffüz normalarına laqeydlik göstərərək onlara psevdonovatorluq gətirmək istəyində axtarmaq lazımdır.
Bu kiçik yazıda fonetikanın mühüm hadisələrindən və düzgün tələffüzün əsas elementlərindən biri sayılan vurğuya toxunmaq istərdik.
Vurğu bütün dünya dillərində şifahi nitq üçün elə əhəmiyyətli dil hadisəsidir ki, şifahi nitqin düzgünlüyünə, sözün leksik mənasının dəqiqləşdirilməsinə, qrammatik formasına görə fərqləndirilməsinə, sözdə hecalardan birinin başqalarına nisbətən qüvvətli deyilişinə, cümlə daxilində xüsusi məna yüкü daşıyan sözün seçilməsinə, hətta ayrı-ayrı sözlərin sintaktik funksiyasının dəyişməsinə xidmət edir.
Azərbaycan dilində vurğunun bir neçə növü müəyyən edilir: heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu:
Heca vurğusu həm də fonetik vurğu adlanır. Məlumdur ki, sözə daxil olan bütün səslər eyni güclə tələffüz edilmir. Elə bu keyfiyyətinə görə söz tərkibində vurğulu və vurğusuz səslər fərqləndirilir. Bütün dünya dillərində olduğu kimi Azərbaycan dilində vurğu qəbul edən səslər də saitlər olur. Saitləri heca formalaşdıran əsas səslər olduğunu bilərək demək olar ki, istər vurğulu, istərsə də vurğusuz sait ətrafına uyğun samitlər toplamaqla hecanı yaradır. Buradan vurğulu və ya vurğusuz heca anlayışları meydana çıxır. Heca vurğusu da məhz iki və daha artıq hecadan ibarət olan sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli və daha aydın tələffüz edilməsidir.
Dünya dillərində söz daxilində vurğunun yeri müxtəlif olduğu halda bu, Azərbaycan dilində sabit hesab edilir.О əsasən sözün son hecasında olur. Bu sabitlik nisbi sayılmalıdır, çünki başlanğıc formada olan sözün son hecasındakı vurğu ona uyğun şəkilçi artırdıqdan sonra əksər vaxt sözün sonuna doğru “axır”. Bu da Azərbaycan dilinin iltisaqiliyi ilə izah oluna bilər. Çünki dilimizdə köк və şəkilçi müəyyənləşmiş qaydada düzülür. Hər bir artırılan şəkilçi sözün yeni hecasına çevrilir, beləliklə vurğu yerini dəyişir və əvvəlki vurğulu heca bu dəfə vurğusuz olur.Elə bu səbəbdəndir ki, Azərbaycan dilində hər bir nitq hissəsinə aid olan sözlər müəyyən qrammatik formaya düşdükdə vurğunun məqamı stabil olur. Bunu əksər isimlərdə müşahidə etmək mümkündür:
► meşə’ –meşələ’r –meşələrdə’
Bəzən başlanğıc formanın sonuncu deyil, birinci hecasında olan vurğu həmin sözə artırılmış şəkilçini təşkil edən hecaya da keçə bilir:
►tra’ktor-traktorçu’ –traktorçula’r .
Azərbaycan dilində vurğunun yeri bir neçə amildən asılıdır :
1. Sözün mənşəyindən (milli və alınma olmasından)
məsələn:əsl Azərbaycan sözlərində (sevgi’ ,torpa’q, əmə’k, sonsuzlu’q ,gözləmə’k ,oxuyu’r) vurğu sonda, alınma sözlərdə(o’pera, coğra’fiya, avto’bus, ko’smos )isə müxtəlif hecalarda olur .
Alınma sözlərin Azərbaycan dilinə əsasən 2 kanalla daxil olmasını nəzərə alaraq vurğunun yerini qismən də olsa müəyyən etmək mümkündür:
1) Ərəb-fars mənşəli sözlərdə vurğu əsl Azərbaycan sözlərinin əksəriyyətində olduğu kimi son hecaya düşür:
►vətə’n, kita’b, istirahə’t, Tofi’q, hərəkə’t, sala’m
Qeyd: vurğulu hecanı ərəb-fars sözlərində tez-tez rast gəlinən uzun saitli hecalarla qarışdırmaq olmaz .Məsələn, Nizami’ sözündə vurğu son hecada, uzun sait isə II hecadadır
2) Rus-Avropa dillərindən keçmə sözlər üçün vurğunun həmişə eyni hecada olduğunu demək qeyri-mümkündür, bu sözlərdə vurğunun yeri qeyri-sabitdir:
a)rus dilində sonunda –a saiti işlənən , lakin Azərbaycan dilinə keçdikdən sonra həmin saiti itirən sözlərdə vurğu son hecaya düşür:
► plane’t, teore’m,qəze’t,hipotenu’z,media’n
b) ikihecalı sözlərdə vurğu ilk hecaya düşür:
►ka’tet, ro’bot, ko’smos,qra’fik,re’lyef,re’ysmus
3) xüsusi sonluqlu alınma sözlərdə vurğu müxtəlif hecalara düşür:
• -logiya sonluqlu sözlərdə vurğu axırdan üçüncü hecaya düşür
►zoolo’giya, arxeolo’giya,frazeolo’giya
• -loq, -tor , -siya, -iya, -ika, -qraf,-metr,-ma sonluqlu sözlərdə vurğu həmin sonluqdan əvvəlki hecanın üzərinə düşür:
►geo’loq, filo’loq, antropo’loq, pro’loq, epi’loq,
►nova’tor , tra’ktor, opera’tor,
►naviqa’siya, inve’rsiya, aka’siya,
►impe’riya ,bakte’riya, A’vstriya ,ana’rxiya,
►fi’zika, dina’mika, bota’nika, mexa’nika
►leksiko’qraf, omo’qraf, kall’iqraf
►para’metr, dia’metr, kilo’metr , santi’metr
►poe’ma,sinta’qma,Bohe’ma
• -izm,-ist ,fon,skop, sonluqlu sözlərdə vurğu son hecaya düşür :
►humani’zm, kommuni’zm, romanti’zm
►reali’st ,bapti’st, turi’st
►telesko’p, mikrosko’p, endosko’p
►telefo’n, mikrofo’n, taksofo’n ,saksafo’n
• -teka sonluqlu sözlərdə vurğu axırdan ikinci hecaya düşür: ►fonote’ka, diskote’ka ,videote’ka
4) o, e, i saitləri ilə bitən sözlərdə vurğu həmin saitlərdən əvvəlki hecaya düşür:
►a’rqo, emba’rqo ,Ko’nqo, ko’fe , sopra’no , Mitsibu’si
5)Yalnız a saitinin iştirak etdiyi 3 və ya daha çox hecalı sözlərdə vurğu axırdan ikinci hecaya düşür:
►Hava’na , Pana’ma, Haa’qa , pala’ta , Alaba’ma , Qvadalaxa’ra
Avropa mənşəli alınma sözlərdə vurğunun hansı hecada olması ilə bağlı müəyyən mülahizələr yürütməyə və daha çox işlənən sözlərdən nümunələr göstərməyə çalışdıq, çünki həmin xüsusiyyətlərə malik elə sözlər tapmaq olar ki, şərh olunan qaydalara tabe olmasın. Yuxarıda sadalanan sözlər nitq sahibinin aktiv lüğət ehtiyatına daxil olduqdan sonra onlara oxşar və ya dilə yeni alınan anoloji sözlərdə vurğunun müəyyənləşdirilməsi ilə bağlı problem qismən aradan qalxır.
6)Alınma sözlərdə vurğunun yeri onlara artırılmış şəkilçinin xarakterindən çox asılıdır. Belə ki həmin sözlərə artırılmış qrammatik şəkilçilər vurğunun yerinə heç bir təsir göstərmir: sözün başlanğıc formasında müəyyən edilmiş vurğulu heca dəyişmir:
►fi’rma-f’irmanın , tra’ktor-tra’ktorlar , impe’riya-impe’riyada.
Lakin vurğusu son hecaya düşməyən alınma sözlərə leksik şəkilçilər (isim və sifət düzəldən) artırıldıqda mənzərə dəyişir .Həmin sözlərdə vurğu Azərbaycan dilinin fonetik qaydalarına uyğun olaraq son hecaya keçir:
►no’rma-norma’l , tra’ktor-traktorçu’.
Düzdür , bu halda da istisnalar yenə də özünü göstərir:
►Lo’ndon –Lo’ndondakı , A’siya –A’siyadakı
2.Sözün hansı nitq hissəsinə mənsubluğundan
Məsələn :çalışma ,vurma ,dimdik ,gəlin və s.sözlər vurğusunu dəyişməklə isim və digər nitq hissələri yerində işlənə bilir. Bu fikrə şərik olaraq demək olar ki, vurğunun yeri dəyişdikdə sözün həm mənası dəyişir, həmdə başqa bir nitq hissəsinə keçir
►Bildir, dimdik, bəzən, gəlin, burun, alın, əyin, oyun, qovun
Elə sözlər də vardır ki , onun hansı nitq hissəsinə mənsubluğu həmin sözdə vurğunun yerini qismən də olsa dəqiq müəyyənləşdirməyə əsas verir.Sadə zərflər və köməkçi nitq hissələrinə aid olan sözlərdə (başqa nitq hissələri ilə omonimlik əmələ gətirən görünür,əvvəl,şübhəsiz kimi sözlər istisnadır) vurğunun yeri adətən axırdan II hecada müəyyən edilir:
►So’nra , ye’nə, ba’yaq, bi’ldir, əlbə’ttə, halbu’ki, nəi’nki, gə’rək, sa’nki, mə’gər, bə’lkə
3.Sözün qrammatik formasından
Məsələn:itirdi,bişirdi ,ötürdü ,bitirdi və s.fellər vurğusu fərqləndikcə həm şühudi keçmiş zaman , idi köməkçi felinin ixtisarı ilə işlənmiş indiki zaman kimi başa düşülə bilər. Müasir Azərbaycan dilinin Akademik qrammatikasının I cildində vurğunun yerinə görə 2 növünün (daimi və sərbəst) olduğu təsdiq edilmiş və bundan əlavə onun iki funksiyası (sözayırıcı və sözdəyişdirici) da müəyyənləşdirilmişdir.
Daimi vurğu olan sözlərin daxilində morfemlərin sərhəddi , həmin sözün qrammatik forması aydın görünür .
►A’tın , oxu’yun-əmr şəkli
Gələsi’dir , atmalı’dır-lazım və vacib şəkilləri
Daimi vurğu hərəkətsiz və ya hərəkətdə ola bilər.Hərəkətdə olan vurğuya misal olaraq məsdərlərdə və feli sifətlərdə vurğunun sonuncu, həmin fellərin nəqli keçmiş zaman formalarında isə şəxs şəkilçisindən qabaqkı hecaya düşdüyünü göstərmək olar.
►Söyləmə’k - söyləmi’şəm - söyləyə’n - söyləməl’i
Daimi vurğuya həmçinin fel şəkillərinə və qeyri-fellərə artırılan idi, imiş, isə, deyil köməkçi hissəciklərinin ilk hecasında olan vurğunu nümunə göstərmək olar
►isti I’di, nə i’sə, qalib i’miş, yaxşı de’yil
4. Sözün cümlədə sintaktik vəzifəsindən
Məsələn , uşaqlar sözü mübtəda və ya xitab rolunda olduqda fərqli vurğulara malik olur.
►Uşaqla’r məktəb həyətinə toplaşdılar .
►Uşa’qlar, məktəb həyətinə toplaşın
5. Sözə artırılmış şəkilçinin növündən və vəzifəsindən
Məsələn vu’rma , oxuyaca’qsan , bişi’rdi , çiçəkdi’r , sə’pin sözlərində olan qrammatik , elə həmin və ya onlara oxşar olan vurma’, sildi’r, səpi’n, yanaca’q sözlərində leksik şəkilçilər kimi işlənmişdir.
Habelə göstərmək olar ki, ,bağlama ,qovurma sözlərində – ma2 şəkilçisi həm inkar,həm də feldən isim düzəldən şəkilçi kimi başa düşülə bilər yaxud əkin, biçin sözlərində isə-ın4 şəkilçisi həm feldən isim düzəldən və felin əmr şəklinin II şəxsin cəmindəki şəxs şəkilçisi vəzlfələrini yerinə yetirir. Vəzifəsindən asılı olaraq vutğu öz yerini dəyişir.Çəmənlə’r , kitabla’r sözlərində -lar2 cəm, gəli’rlər , ata’rlar sözlərində isə III şəxs cəm şəkilçisi vəzifəsindədir.Elə buna görə də bu sözlərdə vurğunun yeri müxtəlifdir.
Leksik və qrammatik şəkilçilərin vəzifəsi və əhəmiyyəti eyni deyil. Leksik şəkilçilər yeni leksik vahidlər –düzəltmə sözlər əmələ gətirir və Azərbaycan dilində vurğunun yerinə uyğun irəli sürülən tələbə (vurğunun son hecaya düşməsi) tabe olur. Qrammatik şəkilçilər isə yalnız sözlərin bir-riri ilə əlaqələndirilməsində və yeni qrammatik formaya düşməsində iştirak edərək sözün yeni leksik məna qazanmasında heç bir rol oynamasa da , burada bir faktı qeyd etmək vacibdir ki, başlanğıc formada yeri müəyyənləşmiş vurğunun yerdəyişməsi məhz qrammatik şəkilşi artırıldıqdan sonra baş verir.
Leksik və qrammatik şəkilçiləri araşdırarkən aydınlaşır ki, omonimlik əmələ gətirən şəkilçilər var .Onların işlənmə məqamlarına nəzər saldıqda müəyyən olur ki, həmin omonim şəkilçilər leksik şəkilçilər vurğulu, qrammatik şəkilçilər isə vurğusuz olur.Bu da ak.A.Axundovun fikrincə ,”vurğunun fonematik vəzifə daşıması ilə bağlıdır”
Məsələn, -ın2 -feldən isim düzəldən,əmr şəkli II şəxsin cəminin
-ma2-feldən isim düzəldən, inkar
-dır4-feldən fel düzəldən, xəbərlik və şəxs
-ıq4- feldən sifət düzəldən, xəbərlik və şəxs
-ır4 – feldən fel düzəldən, indiki zaman şəkilçiləridir.
Yuxarıda sadalanan şəkilçilərdə əvvəlcə onların leksik , sonra isə qrammatik funksiyası göstərilib
6.Şəkilçinin vurğuya münasibətindən
Müəyyən sözlərə artırılmış şəkilçiləri vurğunun yerinin müəyyənləşdirilməsində əsas göstərici kimi qiymətləndirilir. Bu baxımdan dilimizdəki şəkilçiləri vurğuya münasibətdə vurğu qəbul edən və etməyən şəkilçilərə bölünür.
Vurğu qəbul etməyən şəkilçilər aşağıdakılardır:
1) –ma2 –inkar şəkilçisi
►oxu’ma , otu’rma
2) –mı4—sual ədatı
► yazı’rmı,
3) –la2 -zərf düzəldən , birləşdirmə bağlayıcısı və bigəlik qoşması
► mara’qla, İlqa’rla qardaşı, telefo’nla
4) –dı4 , -mış4 , -sa2 -- fel şəkillərinə və qeyri-fellərə artırılan idi , imiş və isə hissəciklərinin ixtisarı
►alı’rdı , almı’şdı , alaca’qdıi , alsa’ydı, ala’rsa , alı’bmış, alası’dırsa
5) –ın4 --əmr şəklinin şəkilçisi
► a’lın , baxı’n , uza’nın , göstə’rin
6) –ca2 –zərf düzəldən və qoşma
► ru’sca, dərya’ca
7) –casına2 - zərf düzəldən
► igi’dcəsinə , açı’qcasına
8) –dır4 –isimlərdə xəbərlik və fellərdə şəxs
► vətə’ndir , getmi’şdir
9) –ov(a),-yev(a) –isim düzəldən
► Bağı’rov, Əli’yev
10) –gil –isim düzəldən
► Əli’gil, xala’mgil
11) Fel şəkillərində (əmr şəklinin II şəxsin cəmi və şühudi keçmiş zamandan başqa) şəxs şəkilçiləri
► alıram, almışam, alıbsan, alacağıq, alarsınız, alsalar
12) İsimlərdə xəbərlik şəkilçiləri
►-am2, -san2 , -dır4, -ıq4, -sınız4, -dırlar4
13) –madan2,-mamış2-feli bağlama
► oxu’madan , hazırla’şmamış
Elə şəkilçilər də vardır ki, onların köməyi ilə sözdəki vurğunu müəyyən etmək o qədər də çətinlik yaratmır.Bu zaman vurğunun yeri dəqiqliklə ayırd edilir.Onlar əsasən vurğu qəbul edən şəkilçilərdir:
1) Isimlərdə cəm ,mənsubiyyət və hal şəkilçiləri
► -lar2 , -ım4 , -ın4 , -ı4 , -sı4, -ımız4, -ınız4, -ları2
2) Isim düzəldən leksik şəkilçilər
► -lıq4,-çı4 ,-ça2 ,-cıq4 ,-cığaz4 , -ış4,-ıntı4,-ma2-qı4,-aq2
3) Sifət düzəldən leksik şəkilçilər
► -lı4,-sız4, -ı4,-cıl4,-kı4,-dakı 2,-i,-ağan2,-qan2,-qın4,-ıcı4,
4) Fel düzəldən leksik şəkilçilər
► -lan2, -las2, -la2, -al2, -ar2, -ıl4, -ın4, -ış4, -dır4
5) –larla2,-larca2 –say düzəldən (axırdan II hecada)
► onla’rla , yüzlə’rcə
6) Fel şəkillərini əmələ gətirən şəkilçilərin sonunda
► baxı’m (əmr),gəli’rsən (indiki z.) , gəlmi’şəm(keçmiş z.) , oxuyaca’qdır (qəti gələcək z.), baxa’rsınız (qeyri-qəti gələcək z.) , oxumalı’dır (vacib ), oxuya’sınız (arzu) , bilinəsi’dir (lazım) , otursa’lar (şərt)
7) –arkən2-feli bağlama (axırdan II hecada)
► ötürə’rkən , yata’rkən
8) I hecasına m,p,r,s samitləri artırılaraq çoxaltma dərəcəsi əmələ gələn sifətlərin ilk hecasında
►--ya’myaşıl , tə’rtəmiz , sa’psarı , qo’sqoca
9)-akı2, -anə, -yanə, -da2,-dan2 - zərf düzəldən
►yanakı’, şairanə’, dahiyanə’ gündə’, ucada’n
10) –ımtıl4, -ımtraq4 , -sov , -ımsov4, -şın, -ca2—sifətlərdə dərəcə şəkilçiləri
►sarımtı’l, qırmızımtra’q, uzunso’v, göyümso’v, qaraşı’n, yaxşıca’
7. Sözün quruluşca növündən
Məsələn , hazırcava’b, boşqa’b, dəvədabanı’ və s. kimi mürəkkəb sözlərdə vurğu adətən ikinci sözün son hecasına düşür, lakin əgər vurğu ilk sözə keçərsə , mürəkkəb söz 2 sadə sözə parçalanacaq
Pambıqyığa’n (maşın) —Pambı’q yığa’n (qız) Dəvədabanı’ (bitki) -- Dəvə’ dabanı’
Bəzi mürəkkəb sözlərdə vurğu II yox, I sözün üzərinə düşür.Bu, əsasən o mürəkkəb söslərdə olur ki, onlar rəng billdirən sifət və birhecalı isimdən əməll gəlsin:
A’ğdaş , A’ğdam , A’ğsu , Qara’bağ
Elə mürəkkəb sözlər var ki . onlarda vurğunun gücündən asılı olaraq əsas (baş) və əlavə (ikinci dərəcəli ) vurğunun mövcudluğu haqqında danışmaq lazım gəlr.Belə sözlərdə əsas vurğu II sözün , əlavə isə I sözün üzərinə düşür.
Günəbaxa’n, incəsənə’t,novruzgülü’,gülərüzlü’
Əsas və əlavə vurğu (müvafiq olaraq ’ və ’’ kimi işarə olunacaq) aşağıdakı hallarda da özünü göstərir:
•Qoşmalı birləşmələrdə
►səni’’n ü’çün ,dərsdə’’n so’nra , Əlidə’’n başqa’ ,evə’’ tərə’f , məndə’’n savayı’ , səndə’’n qe’yri
•I hecasına m,p,r,s samitləri artırılaraq çoxaltma dərəcəsi əmələ gələn sifətlərdə
►ya’myaşı’’l, tə’rtəmi’’z , sa’psarı’’, qo’sqoca’’
•Sintaktik üsulla azaltma və çoxaltma dərəcəsi əmələ gəlmiş sifətlərdə
►la’’p yaxşı’, ə’’n gözə’l, açı’’q –sarı’, tü’’nd-qara’ , da’’ha dəri’n
Əvvəldə qeyd edildiyi kimi vurğunun 3 növündən biri də məntiqi vurğu və ya söz vurğusudur. Hər bir cümlədə məntiqi vurğu altında ya bir söz , ya da bütöv bir ifadə olur. Məntiqi vurğu vasitəsilə cümlə daxilində müəyyən məna yükü ilə seçilən və daha aktual söz fərqləndirilir. Müasir Azərbaycan dilinin Akademik qrammatikasının I cidində deyildiyi kimi “hər bir danışanın məqsədi danışıq axırında məlum olmayan hissəni müəyyənləşdirməkdir” Cümlə şərti olaraq 2 hissəyə bölünsə, onun bir hissəsi məlum, ikinci hissəsi isə naməlum faktları özündə ehtiva edir. Bu sitatdan çıxarılan əsas nəticə ondan ibarətdir ki, məntiqi vurğu naməlum faktı dinləyən şəxs üçün daha aydın ,daha aktual və daha ifadəli etməyə xidmət edir. Xüsusi vaktuallığı ilə fərqləndirilən məntiqi vurğulu söz danışan şəxs tərəfindən elə tələffüz edilir ki ,dinləyən öz diqqətini həmin sözə yönəltsin.
Dilimizdəki cümlələrdə söz sırası müəyyən prinsiplərə əsaslanır ki, bu da üzvlənmə adlanır. Üzvlənmənin 2 növü – obyektiv və subyektiv ola bilər. Obyektiv üzvlənmə olan cümlə emosional olmur , çünki belə cümlələrdə söz sırası ciddi qayda-qanuna tabedir. Subyektiv üzvlənmiş cümlələrdə isə yüksək hiss-həyəcan aşkar duyulur və bu zaman məntiqi vurğu xüsusi diqqət və aktuallıq tələb edən sözü cümlə daxilində məqsədəuyğun şəkildə hərəkət etdirir. Cümlədə istənilən söz məntiqi vurğu altında deyilə bilər. Lakin dilimizdə cümlə quruluşu bizə imkan verir ki, Azərbaycan dilində məntiqi vurğunun yerinin sabit olması haqqında qəti fikrə gələk: məntiqi vurğulu söz cümlədə xəbərlə yanaşı işlənir. Bunu aşağıdakı nümunələrdə görmək mümkündür(altından xətt çəkilmiş sözlər məntiqi vurğuludur)
Atam sabah Bakıdan gələcək.
Atam Bakıdan sabah gələcək
Bakıdan sabah atam gələcək.
Düzdür, bəzən məntiqi vurğunun yeri cümlənin məqsəd və intonasiyaya görə növündən asılı olur. Sual cümlələrində sual əvəzlikləri və sual ədatı qoşulmuş sözlər,nida cümlələrində nidalar, əmr cümlələrində isə xəbərlər məntiqi vurğu altına düşür.
Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə ?
Atanmı Bakıdan gələcək?
Ay camaaat , bura gəlin!
Oxuyun bu kitabı.
Ak.Ə.Dəmirçizadənin fikrincə, məntiqi vurğu aşağıdakı hallarda daha çox işlədilir:
a)təyin və təriflərdə
Baykal ən dərin göldür.
Əşyannın əlamət və keyfiyyətini bildirən nitq hissəsinə sifət deyilir.
b)ara sözlərdə
Görünür, o gəlməyəcək.
c)məhdudlaşdırmada müqayisə zamanı bir-birini qüvvətləndirən, tamamlayan və ya bir-biri ilə qarşılaşdırılan sözlərdə
Sən mənim üçün qardaş yox ,qara daş oldun.
Məntiqi vurğu haqqında yuxarıda söylənilənlərdən əlavə bir məsələni də qeyd etmək lazımdır: məntiqi vurğu şifahi nitqimizin mühüm keyfiyyəti sayılan intonasiyanın tərkib elementlərindən biridir, belə ki məntiqi vurğu altında olan söz cümlədə intonasiyanın zirvəsi hesab olunur.
Uşaqlar hara gedirlər?
Hara uşaqlar gedirlər?
Bir məqalə çərçivəsində məntiqi vurğunun işlənmə məqamlarını araşdırdıqdan sonra nitqimizdə onun nə dərəcədə əhəmiyyətli olduğunu aşkar söyləmək mümkündür.
Vurğunun III növü sayılan həyəcanlı vurğu cümlədə xüsusi hiss-həyəcan doğuran sözün qeyri-adi intonasiya ilə tələffüzü kimi başa düşülməlidir .Bu zaman danışan şəxs xüsusi əhəmiyyət verdiyi sözü və ya kokret bir səsi gərgin, uzun və qəbul edilmiş normadan fərqli şəkildə tələffüz edir.Həyəcanlı vurğu əsasən müəyyən sait və samitlərin uzun tələffüzü, habelə cümlədə inversiya nəticəsində müqsədəuyğun şəkildə yerini dəyişmiş sözlərin xüsusi gərginliklə deyilişi vasitəsilə cümlənin emosional –ekspressiv gücü daha da artır.(altından qoşa xətt çəkilmiş səs və sözlər həyəcanlı vurğuludur)
[yax şş ıı] , [qə şş əng] , [gö zz əl] , [su ss]
Bunu deyirəm sənə !
Bu işlərdə sənsən günahkar!
Həyəcanlı vurğu bəzi xüsusiyyətləri ilə məntiqi vurğuya bənzəyir. Hər iki vurğu növü cümlə daxilində müəyyən bir sözün və ya ifadəni fəqləndirsə də, unutmaq olmaz ki , məntiqi vurğunu vəzifəsi sözü tələffüzcə fərqləndirməklə onu mənaca aktuallaşdırmaqdır, həyəcanlı vurğu isə cümlədə hiss-həyəcan doğuran sözün qeyri-adi intonasiya ilə tələffüz etməkdir.Bir sözlə,məntiqi vurğu sözün məna,həyəcanlı vurğu isə sözün hissi cəhətdən qəlibləşdirir.
Bu kiçik yazıda Azərbaycan dili fonetkasını mühüm hadisəsi sayılan vurğunu 3 növü , onların təbiəti , əmələ gəlməsi ,işlənmə məqamı nitqimizdə əhəmiyyəti ilə bağlı fikirlər qeyd olundu. Bunları ümumiləşdirərək aşağıdakı kimi vermək istərdik:
1.Hər 3 vurğu növü şifahi nitqimizin mühüm elementləridir
2. Hər 3 vurğu növü səs,söz və ifadələrin onlara oxşar digər dil vahidlərindən fərqli şəkildə tələffüzünü mümkün edir
3.Heca vurğusu digər vurğu növlərindən daha çox funksiya daşıdığına görə mühüm əhəmiyyətə malikdir.
4. Heca vurğusu sözlərin düzgün tələffüzündə mühüm ünsürdür, çünki onun müəyyənləşdirilməsi sözün mənşəyi , müəyyən nitq hissəsinə mənsubiyyəti, qrammatik forması,artırılmış şəkilçilərin növü və funksiyası , sözlərin sintaktik vəzifəsi və leksik -semantik mənasından çox asılıdır.
5. Heca vurğusu dil daşıyıcıları üçün mühüm nitq elementidir, onu düzgün müəyyənləşdirmədikdə arzuolunmayan fərqli leksik məna yaranır, nitq öz səslənmə gözəlliyini və məna dərinliyini itirir və dilin qrammatik imkanlarından istifadə meydanı daralır.
6. Heca vurğusu altında olan heca bir sıra alınma sözlərdə yer alan uzun saitli hecalar bir- birindən fərqləndirilməlidir , çünki uzun sait kəmiyyət , heca vurğusu isə kəmiyyət göstəricisidir.
7.Danışan şəxsin nitqində sözlərdə vurğu yeriilə bağlı səhvlərin olmaması üçün dilimizində işlənən sözlərin vurğu lüğətindən lazım gəldikdə istifadə etmək ,habelə orfoepik qaydaları düzgün tətbiqinə çalışmaq lazımdır
8.Danışan şəxs çatdırmaq istədiyi fikri ifadə edən sözləri yaxud söz birləşməsini cümlədə onlar üçün müəyyənləşdirilmiş yerdə -xəbərin yanında yerləşdirməklə həm cümlənin məntiqi ardıcıllıq baxımından düzgün qurulmasına , həm də nitqinin qarşısında qoyulmuş məqsədə nail ola bilər.
9.Həyəcanlı vurğunun düzgün müəyyənləşdirilərək işlədilməsi imkan verir ki, nitqimz təkcə quru və duyğusuz məlumatları çatdırmasın, həm də canlı ünsiyyəti , real insani münasibətləri və parlaq emosionallığı əks etdirsin.
P.S. Mümkündür ki, məqalədə göstərilən faktlar , təsdiq edilən mülahizələr, habelə gətirilmiş nümunələr oxucuların hamısını qane etməsin. Etiraf edək ki, kiçik bir yazıda belə əhəmiyyətli bir mövzunun tam dolğunluğu ilə açılmasına , dilimizdə vurğunun təbiəti, növləri və yeri ilə bağlı mənzərəni yaratmağa cəhd etdik.Yazı ilə bağlı hər bir tənqidi qeydi səmimi qarşılayacağıma əmin ola bilərsiniz
AMEA Folklor İnstitutunun dissertantı Əliyev Dadaş
Yorumlar
Yorum Gönder