Ana içeriğe atla

Lahıc Lətifələri

AZƏRBAYCAN FOLKLORUNDA LƏTİFƏLƏR VƏ LAHIC LƏTİFƏLƏRİNİN YERİ

XÜLASƏ

Bu məqalədə əvvəlcə  yığcam şəkildə dünya folklorunda lətifənin yeri, onun geniş yayılma səbəbləri və kommunikativ funksiyası haqqında fikirlər ifadə edilmiş, daha sonra isə Azərbaycan folklorunda lətifələrin mövzu və qəhrəman baxımından təsnifatı verilmiş, əsas hissədə isə folkorumuzun əksər janrlarında olduğu kimi lətifənin də regional xüsusiyyətlərə malik olduğu qeyd edilmiş və əsas qəhrəmanı Qulu Şeyda olan Lahıc lətifələri həm tematik, həm də tekstoloji baxımdan araşdırılmışdır.
Açar sözlər: folklor mühiti, lətifə, regional özəllik, kommunikativ funksiya, lokal lətifə qəhrəmanı, Qulu Şeyda, bilinqvizm

AНЕКДОТЫ В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ  И МЕСТО ЛАГИЧСКИХ АНЕКДОТОВ  СРЕДИ НИХ

РЕЗЮМЕ

В этой статье сначала вкратце изложены мысли о месте анекдота в мировом фольклоре, о его коммуникативной функции и причинах широкого распространения, далее  дана традиционная класcификация азербайджанских анекдотов с тематической и личностной принадлежности, в основной части отмечено, что анекдоты как и другие фольклорные жанры имеют  региональные особенности. В продолжение изучены с тематической и текстолгической сторон анекдоты Лагича ,в которых основным героем является Гулу Шейда.
Ключевые слова: фольклорная среда, анекдот, региональные особенности, коммуникативная функция, локальные анекдотовские герои, Гулу Шейда


Humanitar elmlər inkişaf etdikcə ədəbiyyatımızın mühüm qolu olan folklorun problemlərinin öyrənilməsi də aktuallaşır, çünki folklor materiallarını toplamadan  və onları araşdırmadan bir çox humanitar elmlər: tarix, dilçilik, ədəbiyyatşünaslıq, etnopsixologiya, etnolinqvistika və s. keçinə bilmirlər. Rus folklorşünası V.Y.Propp yazır: “Mənəvi mədəniyyətin bir çox rəngarəng hadisəsinin izahı folklordadır”  Folklorun epik janrları sırasında kiçik həcmə malik lətifələrin xüsusi yeri vardır. Lətifə janrı bəlli olduğu kimi insanlığın mövcud olduğu dövrdən bu günə kimi həmişə mövcud olub. Bəzi alimlər lətifələri gülməli nağıllar, bəziləri isə məsəllərlə bir sıraya qoyurlar. Amma, məncə, doğrusu bu olacaq ki, lətifə müstəqil bir folklor janrı kimi qiymətləndirilməli və öyərənilməlidir. Bu folklor janrı mövcud həyat tərzinə, maddi-mədəni dəyərlərə, iqtisadi şəraitə, habelə insanların biri-birinə   tənqidi münasibətini əks etdirməkdə öz operativliyi ilə bütün digər folklor janrlarından üstündür. Azərbaycan folklorşünası Fərzəliyev T. “Azərbaycan xalq lətifələri” kitabında belə yazır:“…adətən lətifə tez mənimsənilən,  ürəyə yatan, xoşagələn, insanı düşündürən janr olduğu üçün həmişə kütlələrin, eləcə də ayrı-ayrı sənətkarların diqqətini özünə cəlb etmişdir

Qeyd etmək lazımdır ki, elə bir kütləvi mətbuat yaxud bədii əsər yoxdur ki az va ya çox dərəcədə orada lətifə özünə yer tapa bilməsin. Bu gündəlik həyatımızda çox zaman baş verən gülməli hadisələr haqqında kiçik hekayətlərdir. Əvvəlcə tarixçilər öz əsərlərini lətifələrlə bəzəməyə başladılar. Həmin nümunələrdə heç də həmişə həqiqətə uyğun olmasa da,  tarixi hadisələr və şəxsiyyələrlə bağlı məzəli məqamlar əks olunurdu. Lətifələr əvvəllər real tarixi şəxsiyyətlərin  həyatı ilə bağlı olaraq yaranmış, zaman keçdikcə xalq arasında öz baməzə danışığı, hazırcavablığı və hərəkətləri ilə fərqlənən və tədricən folklor qəhrəmanına çevrilən insanların adı ilə bağlı əhvalatlar kimi dillərdə dolaşmağa başlamış və nəticədə bir folklor janrı kimi formalaşmışdır. İlk lətifələr Bizans tarixçisi Prokopiy Kesapski tərəfindən yaradılmış və əsasən də imperator və onun əyanlarının həyatına həsr edilmişdir. Əksər hallarda lətifələr spontan şəklidə yaranır və müəyyən müddət keçdikdən sonra onlar dildən- dilə keçdikcə cilalanaraq məntiqi əsaslanmış, zərbi-məsəl qədər dəyər qazanmış bir fikirlə yekunlaşdırılır. Lətifələrdə əsas silah gülüşdür. İnsanlar lətifəni daha çox söhbət əsnasında həmsöhbətini əyləndirmək, söhbətini canlandırmaq və bəzən də münasibətlərdə yarana biləcək gərginliyi azaltmaq məqsədilə nəql edirlər. Lətifəni mühüm kommunikativ funksiyaya malik bir folklor janrı kimi səciyyələndirərən rus alimi V.P.Rudnev belə yazır: “Lətifə situasiyanı yumşaldır, mübahisə edən tərəflər arasında ziddiyyətləri aradan qaldırır”. Lətifəni tərif edən rus folklorşünası A.P.Yevgenyeva  qeyd edir: “ Lətifə o qədər də əhəmiyyətli olmayan, amma xarakterik  bir hadisə haqqında məzəli hekayətdir. Bu, folklor qəhrəmanı yaxud tarixi bir şəxsiyyətin həyatından ibrətamiz komik bir əhvalatdır. Lətifə yumor ya da satirik ruha malik və gözlənilməz ağıllı sonluqlu gündəlik məişət və ictimai həyatla bağlı qısa şifahi hekayətdir” Dünya folklor terminologiyasında “anekdot” kimi tanınan  bu söz yunanca “çap olunmamış” mənasını ifadə edir.. Lətifənin bu qədər geniş yayılma və hər kəs tərəfindən bəyənilməsinin səbəbləri çoxdur. Onlardan bəzilərini sadalayaq:

  • Lətifələrin həcmi kiçik olduğu üçün oradakı əsas fikir uzunçuluğa yol verilmədən ifadə olunur.
  • Əsas silahı gülüş olan lətifələr gərginliyi azaldan və bəzən ən çıxılmaz vəziyyətlərdə belə çıxış yolunu tapa bilməkdə yardımçı ola bilir.
  • Lətifələrdə söhbət əsnasında ən çətin sualın cavabı da tapıla bilir.
  • Lətifələr kommunikativ funksiya daşıdığından həmişə kontekstə uyğun olaraq nəql edilir
  • Lətifə qəhrəmanlarının həyat hekayətləri  hər bir lətifə dinləyicisi üçün adi olur, amma bu adi vəziyyətlərdə lətifə qəhrəmanlarının hazırcavablığı qeyri-adilik yaradır.
  • Lətifələr insan həyatının elə məqamlarını əks etdirir ki , ilk baxışda əhəmiyyətsiz görünür, amma əhvalatlardan çıxan məntiqi nəticə hər kəs üçün ibrətamiz olur.
  • Lətifələrin sonunda əldə olunan gözlənilməz nəticə sonralar zərb-məsələ çevrilir ki, bu da artıq folklorun yeni bir janrı hesab olunur.
  • Lətifələrdən istifadə edən şəxs onun baməzə məzmunu və bunun da  əsasında duraraq gerçəkliklə səsləşən əhvalatdan  bu lətifənin məntiqi nəticəsini önə çıxarır və beləliklə,  lətifə qəhrəmanı bir neçə lətifədən sonra  xalq arasında məşhurlaşır. Hətta həmin lətifə qəhrəmanı başqa bir lətifə qəhrəmanı ilə əlaqələndirilir.
  • Lətifəni danışan şəxsdən yumor hissi, zəngin və  gözəl nitq mədəniyyəti, artistlik məharəti , onu yerində istifadə edərək danışa bilmək  və lazım gəldikdə konkret şəraitə uyğunlaşdıraraq təqdim etmək bacarıqları tələb edilir və bu bacarıqlarını zaman keçdikcə inkişaf etdirən şəxslər məşhur lətifə söyləyiciləri kimi tanınmağa başlayırlar . Belə qabiliyyətlərə malik olmayan söyləyici hədəfinə çata bilmir, nəticədə təqdim etdiyi lətifə “yerinə düşmür” və boşboğazlıq kimi qiymətləndirilir.
  • Lətifə həm də dil baxımından kommunikativ mətndir. Onu danışan şəxs dialoji nitqi təkbaşına elə  ifa etməlidir ki, bu zaman dialoq gülüş doğursun, personajlar komik müstəvidə göstərilsin, bütün şifahi nitq elementlərinə (intonasiya, məntiqi vurğu, pauza və s.) yerli-yerində əməl etsin
  • Lətifələrin əksəriyyətinin süjetləri gəzərgidir. Ağızdan-ağıza dolaşan lətifə hər dəfə yeni söyləyicinin dilində yeni bir keyfiyyət, bəzən də yeni bir variant qazanır. Variantlaşma əsasən söyləyicinin nitq qabiliyyəti, lətifənin məzmununda və təqdim edilməsində improvizə etmə bacarığından qaynaqalnır. İmprovizə zamanı söyləyici personajları, əhvalatın baş verdiyi zaman və məkanı, hətta ondan çıxan nəticəni də dəyişdirmək imkanlarını realizə edir.
  • Lətifələrdə süjetin sıxlığı, personajların azlığı, artıq sözlərin olmaması və aparıcı tək bir səciyyənin varlığı onu şəkillə çəkilmiş komikslərə oxşadır.Amma fərq odur ki, lətifədə dialoq, komiksdə şəkil əsas vasitədir.
  • Hər bir lətifə kim tərəfindən söylənməsindən və hansı qəhrəmanla əlaqələn­diril­mə­sindən asılı olmayaraq insanın mənən təmizlənməsinə, əhvali-ruhiyyəsinin yaxşılaşmasına və eyiblərdən xilas olmaq üçün cəhd göstərilməsinə xidmət edir.
  • Folklorda xalq adətən özünün estetik idealını təsdiqləməklə bərabər, tənqiddən istifadə etmək yolu ilə insanların haqq, ədalət, vicdan, əxlaq, gözəllik, qəhrəmanlıqla bağlı təsəvvürlərinə uyğun gəlməyən hallar inkar edilir. Rus tənqidçisi N.Çernışevski komizm və gözəlliyi qarşılaşdıraraq demişdi:”Eybəcərlik o zaman komik olur ki , onu gözəllik kimi təqdim etməyə çalışırlar”.
Dünya xalqlarından heç elə birisini təsəvvür etmək mümkün deyil ki, öz şifahi ədəbi nümunələrinə malik olmasın və folklor janrlarından olan lətifə yaratmasın. Bu janrın hər bir xalq arasında öz milli qəhrəmanları, həm də başqa xalqlardan qəbul etdiyi qəhrəmanları olur. Azərbaycan folklorunda kifayət qədər geniş yayılmış bu epik janrın xalqımızın gündəlik həyatında xüsusi yeri vardır. Lətifələrdə həm şəxsi, həm də  ictimai eyib və nöqsanlar gülüş hədəfinə çevrilərək insanların ictimai varlığının göstəricisi idi. Folklorun əksər janrlarında olduğu kimi lətifələrdə regional xüsusiyyətlər özünü göstərməkdədir. Lətifələrimizi araşdıran bir çox folklorşünaslarımız onları mövzu və qəhrəman baxımından 3 yerə ayırırlar :
1. Molla Nəsrəddin lətifələri
2. Bəhlul Danəndə lətifələri
3. Yerli lətifə qəhrəmanları ilə bağlı lətifələr
Lətifələrin regional xüsusiyyətlərini öyrənmək üçün İsmayıllı rayonu ən maraqlı rayonlardan biri sayılır. Özünəməxsus sosial-iqtisadi şərtlər və  milli-etnik tərkib  bu ərazinin folklorunda  lətifə janrının kifayət qədər yayılmış və sevimli bir janr olduğunu əsaslandırır. Hər bir yaşayış məntəqəsi, hər bir etnik toplum ənənəvi mövzu və qəhrəmana aid lətifələrlə yanaşı öz lətifələrini yaradır.  Azərbycan lətifələrində bütün islam Şərqi üçün ənənəvi olan  Molla Nəsrəddin, Bəhlul Danəndə kimi lətifə qəhrəmanları ilə yanaşı sırf Azərbaycan folklor mühitinin doğurduğu qəhrəmanlar da var: Abdal Qasım, Mirzə Tağı, Hacı dayı  və s. İsmayıllı rayonunda da lətifə söyləyicilərinin bacarığı, onların nitqindəki zənginlik, əl-qol hərəkətlərindən və mənalı mimikadan bacarıqla istifadə, lətifədə haqqında danışılan əhvalatın onun ifa edildiyi məkan və şəraitə uyğunlaşdırılaraq transformasiyası lətifənin təsir gücünü artırır və insani münasibətlərə bir səmimiyyət və canlılıq gətirir. Canlı ünsiyyətdə lətifələrdən istifadə zamanı ənənəvi qəhrəmanların adı ilə bağlı  lətifələrlə yanaşı lokal qəhrəmanlardan  da nümunələrin söylənməsi  əsas verir ki, Azərbaycan lətifə qəhrəmanlarının ümumi panoramında hər bölgənin  və lətifə qəhrəmanına çevrilmiş hər kəsin özunəməxsus yeri var.
Bu regional lətifələrdə əsasən Molla Nəsrəddin , Bəhlul Danəndə də iştirak etsə də , əsl Azərbycan lətifə qəhrəmanları (Abdal Qasım, Mirzə Tağı , Hacı dayı)  sırasına İsmayıllının, o cümlədən Lahıc lətifələrinin bənzərsiz qəhrəmanı Qulu Şeydanı da əlavə etmək lazımdır. Təsadüfi deyil ki, regionda lətifənin geniş yayıldığını və sevildiyini məşhur rus şərqşünası və Lahıc folklorunu ilk toplayanlardan biri sayılan Vsevolod Miller özünün “Tatskiye etyudı” kitabında qeyd edir və 1903–cü ildə Rusiyanın Soçi şəhərində   rast gəldiyi Lahıc kəndinin sakini olmuş Ağabala Cahanbaxşzadədən  topladığı 11 folklor nümunəsindan 7-si məhz Molla Nəsrəddin və Bəhlul Danəndə ilə bağlı lətifələrdir. Lahıclar həmişə baməzə xasiyyətləri, hər zaman hazırcavab olmaları ilə seçiliblər. Elə buna görə də onların söhbətlərində tez  lətifələrə, şəbədələrə (lağaqoyma), məsxərələrə (gülüş hədəflərinə) və hətta bir qədər dar çərçivədə deyilə biləcək atalar sözü və məsəllərə rast gəlmək olur. Bunu da qeyd etmək yerinə düşərdi ki, bu baxımdan Lahıcda Qulu Şeyda tək deyildi , məzəli əhvalatların onun kimi qəhrəmanları çox idi: Nəcəfalı Məhtab, Nəzər Aliheydər, Ələmdar və s. Qulu Şeydanın digər Lahıc lətifə qəhrəmanlarından əsas fərqləri onun adı ilə bağlı lətifələrin daha çox olması, daha geniş yayılması və çoxunun da sonundakı  fikrin zərbi-məsələ çevrilməsindədir .  Lahıcda söylənən lətifələri qəhrəmanları baxımından bir neçə yerə ayırmaq düzgün olardı :
1. Bəhlul Danəndə və Molla Nəsrəddinlə bağlı lətifələr
2. Qulu Şeydanın adı ilə bağlı lətifələr
3. Ələmdar, Beydulla, Nəcəfalı Məhtab, Nəzər Aliheydər və s. adları ilə bağlı lətifələr
4. Azərbaycanın digər regionlarında və dünyanın bir sıra ölkələrində məşhur lətifə qəhrəmanları  ilə bağlı lətifələr
İsmayıllı lətifələri toplanarkən  daha çox diqqətçəkən  Lahıc qəsəbəsinin sakini olmuş, keçən əsrin 80-ci illərinə qədər burada yaşamış və xalq arasında lahıcların dilində “Quli Şeydo” kimi tanınmış Qulu Şeydanın adı ilə bağlı lətifələr oldu. Düzdür, İsmayıllı ərazisində baməzə və hazzırcavab adamlar çox olub, amma Qulu Şeyda qədər  məşhurlaşmış ikinci bir şəxs yoxdur. Qulu Şeyda sənətcə xırda alverlə məşğul olmuş, amma bununla bərabər İslam dininin əsaslarını mükəmməl  bilmiş və gözəl Quran qaresi olmuşdur. Xalq arasında hazırcavablığı ilə seçilən Qulu Şeyda ən adi situasiyanı belə lətifəyə çevirməyi bacarırmış. İstər ailədə, istər camaat arasında, istərsə də alver məqsədilə getdiyi kəndlərdə hamı onu sözündə və hesabında düz  bir adam kimi tanıyırmış. Onun adı ilə bağlı lətifələrin sonluqları bəzən sonradan xalq arasında zərb-məsəllərə çevrilərmiş. Qulu Şeydanın lətifələrini mövzu baxımından araşdırdıqda bir neçə qrup yaranır:

  • İctimai  nöqsanlarla bağlı
  • Alver fəaliyyəti ilə bağlı
  • Ailədə davranışı ilə bağlı
  • Qeyri-adi situasiyalarla bağlı
Qulu Şeydanın yaşadığı dövr əsasən Azərbaycanda Sovet hakimiyyəti illəri, sosializm quruluşu mövcud idi. Folkorşünas İ. Abbaslı bu münasibətlə qeyd edirdi : “Ötən yüzilliklərdə olduğu kimi Sovet hakimiyyəti illərində də xalq həmişə istibdada, ədalətsizliyə, imperiya hegemonluğuna qarşı etirazını bildirmiş, onu satirik dillə qamçılamağa, cəmiyyətin doğurduğu eybəcərliyə kəskin münasibətini lətifə janrının imkanları  çərçivəsində ifşa etməyə çalışmışdır” 
Bu dövrdə hər şey dövlətin və onun aparıcı qüvvəsi sayılan Kommunist partiyasının əlində idi, belə ki insanların fəqli düşünmə və mövcud quruluşun qaydaları və tələblərinə uyğun olmayan hərəkət etmə haqları yox idi. Amma bu vaxtlarda da xalq arasında Qulu Şeyda kimi öz baməzə davranışı və məmurların qərarlarına orijinal münasibətləri ilə fəqlənən adamlar çox idi. Bu baxımdan Qulu Şeydanı o zamankı raykom katibləri ilə maraqlı mükalimələri olmuş və hər dəfə öz məntiqi ilə fikirlərinin haqlı olduğunu təsdiqləyə bilmişdi . Belə lətifələrdən birində deyilir: rayon partiya komitəsinin I katibinin göstərişi ilə dağ kəndlərini o cümlədən Lahıcın sakinlərini qonşu Ağsu, Kürdəmir, Göyçay və Ucar rayonlarına pambıq yığmaq üçün səfərbər edirlər. Ömründə pambıq yığmayan Qulu Şeyda bundan imtina edir. Bunu eşidən I katib onu yanına çağırır və səbəbini soruşur. Qulu sualla cavab verir: “Pambıq əkəndə mənimlə məsləhətləşmişdiniz ? Katib təkəbbürlə deyir :”Sən kimsən ki, səninlə məsləhətləşəydik “. Qulu da onun bu sözünə sərt cavab verir: “ Tanımırsan, Şeyda oğlu Quluyam! Bir halda ki mənimlə məsləhətləşməyi özünə sığışdırmırsan, onda get pambığı üzün yığ “.
Bu,  o vaxtlar  nəyin bahasına olur- olsun dövlətin qoyduğu planın yerinə yetirilməsi üçün qanunsuz vasitələrdən istifadə edən məmurlara sadə insanların etirazını əks etdirən bir lətifə idi. Yaxud başqa bir  lətifədə danışılır ki, yerli sovet sədri Qulu Şeydanı çağırıb narazı-narazı ona deyir ki, o, dövlətə 60 yumurta borcludur. Qulu məzəli bir şəkildə:” Hörmətli sədr, cəmi bir toyuğum var, o da ki gündə bir dənədən artıq yumurtlaya bilməz. İndi sözün nədir, toyuğun işini mən görməliyəm?”-deyərək sovet dövründə mal-qara və toyuq saxlayan vətəndaşların onların sayına uyğun natural formada vergi vermələri kimi məntiqsiz və ağılsız qərara Qulu Şeyda özünəməxsus şəkildə cavab verir. Yenə bir lətifə bu mənada çox maraq doğurur :
Qulu Şeyda bir gün bir neçə nəfərlə rayon partiya komitəsinin I katibinin qəbuluna gəlir ki, o, kəndə su çəkdirmək üçün müəyyən qədər pul ayırsın .
-Nə pul , -deyə katib hirslənir  və bildirir ki, onların  olan- qalan suyunu da kəsmək lazımdır.
Qulu Şeyda başlayır şükür etməyə. Katib səbəbini soruşanda belə deyir :
-Bəxtimiz gətirib ki, birinci katibsən . Gücün də yalnız suya çatır. Allah eləməmiş, birdən vəzifən bir az da böyük olsaydı, çörəyimizi də kəsərdin .
Bu lətifədən çıxan nəticə hər zaman aktual olan məmur laqeydliyi və özbaşınalığını göstərmək üçün maraqlı nümunədir, folklorumuzda məşhur “allah dəvəyə yaxşı ki qanad verməyib, yoxsa uçmamış dam  qalmazdı” deyimi ilə necə də dəqiq səslənir . Sovet dövründə planlı təsərrüfatla bağlı maraqlı  vəziyyətlər yaranırdı. Belə məqamlardan birinə aid Qulu Şeydanın belə  bir lətifəsi var:
Qulu Şeyda ailəsini dolandırmaq üçün ətraf kəndlərdən heyvan dərisi alıb Lahıcda dabbağlara satardı. Bir dəfə gön-dəri ilə dolu ağır şələ ilə çayxananın qabağından keçəndə İsmayıllı rayon tədarük  kontorunun  işçisi  Səməndər adında bir şəxs onu saxlayıb Qulunu məhkəməyə verəcəyi və onun əlindən  gön-dəri tədarük planını verə bilmədiklərini deyir. Qulu isə təmkinini pozmur. Əvvəlcə ondan xahiş edir ki, yerə qoyduğu ağır şələni onun belinə qaldırsın. Səməndər də hıqqana–hıqqana şələni onun belinə qaldırır. Qulu onun üz-gözünü tər basdığını görüb deyir: “Bax , qulağından birdəfəlik sırğa elə. Nə qədər ki, mənim kimi kəndbəkənd gəzib min əziyyətlə gön-dəri yığmamısan, belində şələ gəzdirməmisən, tərləməmisən, tədarük planın da dolmayacaq.
Lətifədən göründüyü kimi öz ailəsini min bir əziyyətlə dolandıran zəhmətkeş insanlara qarşı məmurların laqeydliyi və hörmətsizliyi qoyulur. Sadəcə gülüş xatirinə söylənmiş bir ifadə bəzən bir millətin və cəmiyyətin böyük bir ictimai bəlasından xəbər verir.
Qulu Şeydanı Lahıcın ətrafındakı kəndlərdə tanımayan yox idi. Getdiyi kəndlərdə onu elə uzaqdan belindəki şələdən tanıyırdılar. Alverində çox dürüst olan Qulu malı satılsın deyə həm pul, həm də ərzaqla alver edərdi. Bu qəbildən olan bir lətifədə deyilir ki, Qulu Şeyda Şirinbəyim adlı bir qadından bir motal alır. Motalın dərisi keyfiyyətsiz olduğundan içindəki pendir tük qarışıq olur. Bir müddət keçir, həmin qadını görən Qulu ona razılığını kinayə ilə belə deyir: “Pendiri uşaqlar yedi, hətta içindəki tükdən bir yorğan tutduq”. Bununla da o, aldanmadığını və alverdə dürüstlüyün vacibliyini bildirir .
Qulu Şeydanın lətifələri içində ailəsi ilə də məzəli məqamları əks etdirənləri az deyil. Lətifələrin birində danışılır ki, Qulu Şeydanın qızı qardaşından şikayət edir ki, ona “köpəkqızı ” deyib. Atası deyir: “Sən də get ona “köpəkoğlu” de, olun əvəz-əvəz “ Başqa bir lətifədə Qulu Şeydanın evinə gələn pal-paltar satan gətirdiyi malı nə qədər tərifləsə də, Qulu almaq istəmir. Tərifi eşidən arvadı Tahirə gözü pis görsə də, malı gözlərinə yaxınlaşdırıb deyir: “Əla maldır” Qulu Şeydanın əlacı kəsilir : “Bir malı ki  kor da bəyəndi , daha sözüm yoxdur ” .
Başqa bir lətifədə Qulu Şeydanın baməzəliliyi daha parlaq şəkildə özünü göstərir . Bir dəfə inəkləri örüşdən gəlmədikdə o,axtarmağa getmək istəyir . Arvadı ərinin yorğun olduğunu görüb “Allah kərimdir, rəhmani–rəhimdir, heç nə olmaz ”- deyə yoldan saxlayır. Ertəsi gün səhər tezdən Qulu gedib inəyin canavarlar tərəfindən parçalanıb yeyildiyini görür və əliboş evə qayıdır. Arvadı ondan inəyi tapdığı haqda soruşur . O da belə cavab verir : “Tapdım , üstəlik Kərimi də, Rəhmanı da, Rəhimi də.
”Bir nəfər sürücü  eşşəyin belində yol gedən Qulu Şeydanı ələ salmaq məqsədilə eşşəyin erkək yoxsa dişi olduğunu soruşur və belə cavab alır : “Bu eşşəyi 6 ildir ki , saxlayıram , amma erkək ya dişi olması ilə maraqlanmamışam . Sənə belə çox lazımdırsa , özün maraqlan . Hər halda tayını sən məndən daha yaxşı tanıyırsan”. Lətifədə Şərqdə yüzlərlə nümunəsi olan məqam diqqət çəkir : Qulu Şeydanı lağa qoymaq istəyən adamın özü gülüş hədəfinə çevrilir.
Qulu Şeyda ilə bağlı bir neçə lətifədə Azırbaycan və digər xalqların lətifələrində oxşar məqamlara da rast gəlinir . Məsələn : Qulu bir gün küçədə bikar dayandığı vaxt Lahıcın varlı və xəsis adamlarından sayılan Baba Aşur adında şəxs ona dükandan aldığı bir yeşik stəkan- nəlbəkini evinə aparmasını  tapşırır. Qulu ondan zəhmətinə görə nə verəcəyini soruşduqda “3 ağıllı söz ” deyir. Sonda Qulu Şeyda aldandığını başa düşdükdə gətirdiyi yeşiyi pilləkənlə üzüaşağı buraxır və deyir:  “ Kim sənə desə ki, bu yeşikdə bir qab salamat qalacaq , inanma ” Yaxud bir dəfə ərdə olan iki qızının yanına gedən Qulu Şeyda bir qızı üçün gün çıxması , o birisi üçün yağışın yağması  üçün dua edir. Arvadı qızlarının halını soruşduqda Qulu belə deyir: “Hələ ki pis deyillər, amma yağış yağsa, vay böyüyün, yağmasa, vay kiçiyin halına ” Bu lətifədə diqqət çəkən bir məqamı qeyd etmək yerinə düşərdi: Qulu Şeydanın sıra lətifələrində ənənəvi lətifə qəhrəmanlarının ,xüsusən də Molla Nəsrəddinin təsiri aydın hiss olunur.
Qulu Şeyda adı bu gün də hər dəfə çəkiləndə xoş bir ovqat yaranır . Qulu Şeydanın ailəsi  onun vəsiyyətinə indi də əməl edir . Çünki o oğluna demişdi : “ Oğlun olsa , adını Şeyda qoy. O da oğlunun adını Şeyda qoysun. Axır, elə edin ki, bu həyətdən Qulu Şeyda əskik olmasın”.
Bu lətifələrin bir xüsusiyyəti odur ki , onlar Lahıc dilində söylənir və elə lahıcların arasında daha çox dolaşır . Lətifənin söylənməsi ilk növbədə bir kommunikativ akt kimi qiymətləndirilsə də , unutmaq olmaz ki , hər bir lətifənin mətni incə yumor hissi ilə “yoğrulmuş” və əksər vaxtlarda hazırcavablığın yekunu olmuş lakonik cümlələrdən ibarət olan bir mətndir . Lahıc əhalisi həmişə ədəbiyyata həvəs göstərdiyindən  burada Bəhlul Danəndə və Molla Nəsrəddinlə bağlı lətifələr daha çox söylənilirdi , yerindən asılı olaraq həm Lahıc , həm də Azərbaycan dilində nəql edilirdi  və  maraqlısı də bu idi ki , lətifələrdən çıxan və indi də zərbi-məsəl kimi işlənən ifadələr,  məsələn :“Sən çaldın”, “Dava yorğan davası imiş”  ya da ki Bəhlul Danəndə lətifələrinin birində söylənən “ Qoyun qoyun, keçini keçi ayağından asarlar” fikirləri əsasən azərbaycanca deyilirdi. Məsələn ,bu gün də yerli camaat arasında “Mən ora lüt getmişdim ?”  məsəli və bu məsəlin bağlı olduğu lətifə məşhurdur. Lətifə belədir :  II dünya müharibəsindən sonra yerli əhalidən Qaradağ daş karxanasına xeyli adam səfərbər edilmişdi.Müqaviləyə görə işdən qaçan və vaxtından tez çıxıb gedən adam  məsuliyyətə cəlb edilirdi.İşin ağır olduğunu görən Qulu Şeyda qaçıb Lahıca qayıdır. Onu  məhkəməyə gətirirlər və hakim karxanadan niyə qaçdığını və qaçarkən də hökumətin paltarını da niyə apardığını soruşur:Qulu Şeyda  məzəli bir cavabla: “Əvvəl mən pəhləvan deyiləm ki ,daş oynadım.İkincisi də məgər mən ora lüt getmişdim ki ,lüt də qayıdım” Sonluğu zərb –məsələ çevrilmiş belə lətifələrin sayı kifayət qədər çoxdur.Bu məsəllər çəkilərkən adətən “Qulu Şeyda  demişkən” ifadəsi dilə gətirilərdi. Qulu Şeydanın hər bir lətifəsində xalq müdrikliyi , sadə məntiq , incə yumor və bəzən kəskin satirik gülüş , şuxluq və xoş ovqat duyulur . Bu lətifələr müxtəlif şəxslərdən müxtəlif vaxtlarda toplansa da , onların ümumi ruhu saxlanılıb . Qulu Şeydanın lətifələri əvvəlcə İsmayıllı rayon qəzetində (“Zəhmətkeş”) çap olunmuşdur . Sonralar isə 2003-cü ildə iqtisadçı-alim Əkbər Kərimli tərfindən Qulu Şeydanın yaxın dostu olmuş Lahıc qəsəbə sakini Musa İsgəndərovdan toplanmış və kitab şəklində nəşr edilmişdir .
Amma Lahıcda ona bənzər baməzə və hazırcavab adamlara tez-tez rast gəlinirdi. Kələ Əmülənin  (lahıcca “Böyük Əmi”) adı ilə  bağlı bir neçə lətifə vardı . Bunların birində danışılır ki, dana kəsmək istəyən adamlar onu damda qalmış bıçağın yanına aparmaq fikrinə düşürlər , evin gəlini isə məsləhət görür ki, tərsinə etsinlər, yəni bıçağı dananın yanına gətirsinlər. Kələ Əmülə gəlinin ağlını bə  yənir və onun ağlı qaçmasın deyə başını mismalamağı məsləhət bilir.
Ayrı-ayrı regionların lətifə qəhrəmanalrının görüşü də bəzən yeni bir lətifənin yaranmasına səbəb olurdu :lahıclı  Beydulla kişi və şəkili gülüş ustası  Lütfəli Abdullayevin qarşılaşması bir maraqlı əhvalata çevrildi. İsmayıllıya gələn Lütfəli Beydulla kişi ilə görüşmək istəyir və elə  uzaqdan onu görən kimi onun da alçaqboylu olduğunu və bir az da ona oxşadığını söyləyir. Bunu eşidən Beydulla kişi deyir : “Ola bilər, mərhum atam Şəkiyə tez-tez gedib–gələrdi”
Regionda elə lətifələr də var ki , onların konkret qəhrəmanı yoxdur və bu sadəcə maraqlı situasiyada  sadəlövh  ya da ki nadan insanların başına gələn əhvalatlardır . Belə lətifələrin birində qaçaqlara yolda rast gələn 3 lahıcdan bəhs olunur.Qaçaqlar əvvəlcə gizlənə bilməmiş lahıcı tutub başını kəsirlər və qanının necə də qara olduğundan təəccüblənirlər. Qalan 2 yoldaşdan biri  kolun arxasında qışqırır : “Bağala (lahıcca “böyürtkən ” deməkdir ) yeyib , ondandır”  Onu yaxaladıqda üçüncü lahıc da gizləndiyi yerdən özünü saxlaya bilməyib : “Kül başına , gör heç mən dinirəm”,-  “Heç mən dinirəm?” ifadəsi indi də xalq arasında məşhur məsəldir. Lahıcda maraqlı əhvalatları ilə yaddaşlarda qalmış adamlardan biri də Ələmdar kişi olub.Onunla bağlı lətifələrin birində danışırlar ki , bir dəfə Ələmdar kişi yaylağa getməli olur, əvvəlcədən işini bərk tutur, əlindəki torbaya 2-3 daş parçası qoyur. Qoyun binələrinə yaxınlaşanda itlər onun üstünə cümürlar, Ələmdar kişi əlindəki torba ilə yaxınlaşan itin hansını vurursa, yerə yıxılır . İt sahibinin yaxınlşadığını görüb tez torbanın içindəki daşları kənara atır. Çoban itlərin yerə niyə yıxılmasını və torbada nəyin olduğunu soruşduqda Ələmdar kişi belə cavab verir: “Mən bilirəm ki ,torbada nə var, itlər bilir ki, onlara nə dəyib? ” İsmayıllı rayonunda görkəmli ziyalıları ilə fərqlənən Lahıcda klassik ədəbiyyatı bilən və mütaliə edən adamlar çox idi .Təsadüfi deyil ki, lətifələrin biri məhz elə klassik şeir formasında olan nəticə ilə bitir. Həmin lətifədə Lahıcın məşhur milyonçusu Hacı Dadaşın 2 nəfərə pul verib mal almağa göndərməsi və həmin adamların da pulu qumara qoyub əliboş geri dönmələrindən söz açılır.Hacı Dadaş tapşırır ki ,onlar evindəki zirzəmiyə salsınlar, pulu verməyincə oradan buraxmasınlar. 2-3 gün sonra ora baş çəkən Hacı həmin şəxslərin ona ünvanlayaraq dedikləri şeiri eşidir və onları bağışlayır:
                                           Ey qaşı- kəman əbru ,
                               Çox çərxi fırıldatma.
                               Çoxları fırıldatdı ,
                               Axırda cırıldatdı .
Lahıc lətifələrini dil-üslub xüsusiyyətlərindən söz açarkən ilk növbədə onu qeyd etmək lazımdır ki , bu lətifələr bilinqvizm , yəni Azərbaycan və yerli lahıc dillərinin paralel olaraq işləndiyi mühitdə yaranır və hər iki dildə söylənilirdi. Hansı dildə söylənməsindən asılı olmayaraq lətifəyə xas olan lakonizm, yığcamlıq, frazeoloji birləşmələrin çoxluğu, kinayələr, sətiraltı mənalar, eyhamlar, bədii təzadlar, istiarələr, bənzətmələr və s. bədii keyfiyyətləri bu lətifələrdə müşahidə etmək mümkündür. Söz eyhamı lətifənin əsas silahıdır desək yanılmarıq.“ Folklor teminləri ” kitabında alim Z.Noymann aid olan məqalədə  bu barədə belə deyilir:“ Lətifənin eyhamı nə qədər uğurlu olsa , onun təsiri bir o qədər də güclü olar”. Həm Qulu Şeyda, həm də digər lətifə qəhrəmanlarına nisbət verilən lətifələr söylənərkən onların hər birində əsas bir ifadə olur ki, onun da mayası eyham olur. Həmin eyhamlı  ifadələrdəki sərrastlıq, fikir bitkinliyi, metonimiya və s. bütün Azərbaycan lətifələrinə xas olan cəhətlərdir.
Azərbaycan Folkloru Antologiyasının Şəki birinci cildinin Prof. Y.Qarayev tərəfindən yazılmış ön sözündə lətifənin olduqca dəqiq və dolğun elmi tərifi verilməklə həm də onun bədii keyfiyyətləri sadalanır: “Lətifə struktur-semantik tamlığına görə müstəqil “bədii minüatürdür”, epik təhkiyə yolu ilə söylənən nitq dialoqudur, tipologiyasına görə xalq epizmindən, genezisinə görə ritualdan, mif­dən, xalq oyun, tamaşa, söyləm, nəğmə örnəklərindən qaynaqlanır.
Lahıc lətifələrində dialoqlar elə qurulub ki , orada bir artıq söz belə tapmaq mümkün deyil. Bir lətifənin nümunəsində bunu görmək mümkündür: bir dəfə Qulu Şeydadan bir nəfər xahiş edir ki , oğluna göndərmək üçün 5-6 kilo yaxşı alma gətirsin. Qulu da almanı gətirir. Həmin şəxs almanın qiymətini soruşur:
-3 manata
-3 manata bahadır, ona eşşək üçün bir pud (16 kilo) arpa almaq olar.
-Onda get 1 pud arpa al və bağlama elə oğluna göndər .
Bədii vasitə kimi təzada rast gəlinən bir lətifəyə baxsaq, görəcəyik ki, Qulu Şeydadan  iki həkim – can və mal həkimləri arasında fərqi soruşanda belə cavab verir : “Fərqiniz ondadır ki, birinizi evə, o birinizi isə tövləyə dəvət edirlər” Yaxud Lahıcda maraqlı söhbətləri ilə məşhur olan Nəcəfalı Məhtab tənbəl adam imiş. Günəşli günlərdə uzanıb yatar, yağışlı günlərdə deyərmiş ki , bu yağış da işləməyə imkan verməz .
Lahıc lətifələrinin əsas qəhrəmanı Qulu Şeydanın bəzi lətifələrində simvol, metonimiya və bənzətmələrdən də istifadə olunurdu. Məsələn, Lahıca ilk dəfə gələn avtomobildə gəzməyi ona təklif edəndə deyir: “Mənim Əzrayılın nənnisində işim yoxdur”. Bunu deməklə maşını Əzrayılın nənnisinə bənzədir. Şərqdə ictimai eyiblərə öz kəskin etirazı və həyat həqiqətlərinə aydın baxışı ilə məşhurlaşmış Bəhlul Danəndənin bişmiş xoruzu xəlifənin ailəsində bölməsi hadisəsindən bəhs edən lətifənin süjetinə yaxın olan bir Lahıc lətifəsinə  ( o da Qulu Şeyda  ilə bağlıdır ) diqqət yetirdikdə simvollardan istifadəyə şahid oluruq: iri bir qazı soyutma bişirən Məcid adlı bir lahıc Qulu Şeydadan xahiş edir ki, onu ailə üzvləri arasında bölüşdürsun . Qulu Şeyda  bunu bacarıqla icra edir: başla boyunu Məcid kişiy, ayaqlarını oğullarına, qanadları qızlarına  və quru qabırğanı arvadına verir.  Bunları verə-verə yağlı ətli yerlərini özü yeyir. Ev sahibi bölgüdən narazı qaldıqda Qulu Şeyda   belə deyir: “Ailənin başçısı sən olduğun üçün baş sənin, daim hərəkətdə olduqları üçün ayaqlar oğulların, ər evinə köçüb gedəcəklərinə görə qanadlar qızların, istədiyin vaxt döyüb atası evinə yola saldığına görə quru qəfəs də ki arvadındır ”
Lahıc lətifələri  öz janr spesifikasını qorumaqla bərabər , həm də regionun həm sosial –iqtisadi , həm də milli-etnik xüsusiyyətlərini özündə əks etdirir..Bu regional xüsusiyyətlərə aşağıdakıları aid etmək olardı :
Azərbaycan regional lətifələrinin “lətifə landşaftı” adlanan yaranma arealları içərisində Lahıcın öz yeri vardır
Hər bir region ənənəvi qəhrəmanlarla bərabər öz lokal lətifə qəhrəmanalarına malik olur. Deməli , təkcə Azərbaycanda deyil , həm də bütün Şərqin lətifə qəhrəmanları sayılan Molla Nəsrəddin və Bəhlul Danəndə kimi müdrik hazırcavablarla bərabər, folklorumuzda yaxın keçmişdə bizimlə yanaşı yaşamış və artıq sağlığında məşhurlaşmış lətifə qəhrəmanları da vardır.
Yerli  lətifələrdə Azərbaycan lətifələ süjetlərinin bəzilərinin  fərqli təkrarına rast gəlinir.
Regional lətifələrdə lətifə janrına məxsus olan yığcamlıq, danışıq dilinə yaxınlıq, yumor, satira, lakonizm, hazırcavablıq, müdriklik və s. xüsusiyyətlərə malik olur və yarandığı folklor mühitinin  sosial-iqtisadi şətlərinə söykənir.
Regionlarda elə maraqlı lətifələr yaranır ki , onların yayılmalı və məşhurlaşdırılmalıdır.
Regional lətifələrin toplanması, öyrənilməsi və dəyərli nümunələrin populyarlaşdırılması həmin regiona diqqətin artırılmasına və Azərbaycanın  folklor xəritəsinin daha tam və dəqiq çəkilməsinə əhəmiyyətli dərəcədə təsir göstərərdi.  


ƏDƏBIYYAT:


1. Azərbaycan folkloru antologiyası , XI kitab , (Şirvan folkloru) , Bakı ,2005 s.269-280
2. Azərbaycan folkloru antologiyası (IV) Şəki folkloru I cild, Bakı: Səda, 2002, 490 s.
3. Abbaslı İ. Ön söz/ AFA V kitab Qarabağ folkloru ,Bakı ,2000,s .22-36
4. Abbaslı S. Azərbaycan lətifələrinin regional xüsusiyyətləri , Bakı.2011
5. Fərzəliyev T.Azərbaycan xalq lətifələri ,Bakı ,Elm ,1971 ,s.27 121 s
6. Миллер Вс. Татские этюды ,часть первая ,Москва ,1905
7. Folklor terminləri ,Bakı ,2010 ,140 s.
8. Hacıyeva M.Lahıc nağıllı dünyam , Bakı ,2013 , 224 s.
9. Hüseynova G.Lahıc tatlarının dili ,Bakı ,2002 , 198 s.
10. Qulu Şeyda lətifələri .Tərtibçi :Əkbər Kərimli ,Bakı .2003
11. Süleymanov M. Azərbaycan diyarı Lahıc ,Bakı ,1994 ,  272 s.
12. Руднев В.П. Словарь культуры XX  века , Москва,1997 (http://www.booksite.ru /fulltext/slo/var/cul/tur /rud/nev/rudnev_v/)
13. Чернышевский Н.Г.. Возвышенное и комическое , Москва.1978  
14. Чернышевский Н.Г.. Избранные эстетические произведения , Москва.1978. с. 256-302. 
15. Пропп В.Я..  Фольклор и действительность .Москва. 1976 с.158)
16. Пропп В. Я. Проблемы комизма и смеха Москва., 1965;
17. Словарь русского языка том , Москва. 1986 под ред. А.П.Евгеньевой
18. Словарь литературоведческих терминов. Составители: А.И.Тимофеев. С.В.Тураев , Москва.1974 , с.509




AMEA Folklor İnstitutunun dissertantı   Əliyev Dadaş

Yorumlar

Bu blogdaki popüler yayınlar

Medyan (Ortanca) Nedir? Nasıl Hesaplanır? Nerelerde Kullanılır?

Medyan işlemi olasılık hesaplamalarında sıkça kullanılan bir sayı dizisinin ortalamasını hesaplamak için alternatif yöntemlerden bir tanesidir. Ortanca medyan işleminin diğer adıdır. Matematiksel olarak medyan işlemi bir sayı dizisi küçükten büyüğe sıralayarak ortada kalan elemanı medyan değeri olarak belirleme işlemidir. Örnek verecek olursak: 2, 1, 5, 4, 5, 1, 2, 3, 5 serisi sıralanırsa 1, 1, 2, 2, 3, 4, 5, 5, 5 serisi elde edilir. Bu seri 9 elemanlı olduğundan ortadaki, yani 5. eleman (medyan) olacaktır. 5. eleman 3 sayısıdır. Yani ortanca değeri 3'dür Eleman sayısı tek sayı olan bir seride medyan değerin sırasının hesaplaması şu şekilde formüle edilir. Medyanın Sırası = (Eleman Sayısı + 1) / 2 Bu formülü yukarıdaki örneği uygulayacak olursak; Medyanın Sırası = (9 + 1) / 2 = 5 Veri serisi eleman sayısı bir çift sayı ise bu durumda serinin 2 medyanı olacaktır. Örneğin 2, 1, 5, 4, 5, 1, 2, 3, 5, 4 serisi sıralandığında 1, 1, 2, 2, 3, 4, 4, 5, 5, 5 s

Ağaçlar Kireçle veya Badana İle Neden Boyanır?

Ağaçlar kireçle boyanmasının veya badana yapılmasının hem çevreye hem de doğaya, ağaçlara faydası var. Bu makalede bu geleneği enine boyuna tartışmaya çalıştık. Ağaca zarar veren mikrop ve bakterileri öldürür. Ağacı çok aşarı soğuk havalarda ve çok aşırı sıcak havalarda korur. Ağacın çürümesini ve kurtlanmasını önler. Ağacın gövdesinin alabileceği zararları en az düzeyde düşürmeyi sağlar. Hoş, güzel, hijyenik, temiz pırıl pırıl bir görüntü oluşturur. Ayrıca çok sıcak havalarda da ağacı yanmaya karşı korumak. En büyük etkisi soğuk havalarda ağacı don vurmalarına karşı korumak . Küresel ısınma göz önüne alındığında mevsim değişiklikleri ani don, ani ısı artışları ve azalışları sonucunun doğuracağı etkenler için yararlı etkin bir yöntem. Gövdeden obur dalların çıkmasını azaltmak için sürülür. Kireçleme ağaçları güneş yanığından korumak için yapılıyor. Ağaçlar da güneşten yanabiliyorlar. Bu arada odun dokudaki gözenekleri doldurarak kapattığı için, zararlıların yuv

Azərbaycan Dilində Vurğu Qəbul Etmeyen Şekilçiler

Sözlərdə hecalardan birinin digərlərinə nisbətən daha qüvvətli deyilməsinə heca vurğusu deyilir. Üzərinə vurğu düşən hecaya isə vurğulu heca deyilir. Azərbaycan dilində vurğu adətən söz sonuna düşür. Söz şəkilçi qəbul ederkən vurğu adətən şəkilçinin üzərinə keçir. Məsələn: çiç ə k - çiçəkl ə r - çiçəklərd ə n məkt ə b - məktəbl i - məktəblil ə r - məktəblilərd ə n Buna baxmayaraq dilimizdə bir sıra şəkilçilər var ki onlar vurğu qebul etmirlər. Bu məqalədə Azərbaycan dilində vurğu qebul etməyən şəkilçilər incələnəcək ve bu şekilçilərin hansı hallarda vurğu qebul edib hansı hallarda vurğu qebul etmediyi araşdırılacaqdır. Eyni zamanda bildirmək istəyirəm ki vurğu ilə bağlı daha geniş və ətraflı məlumat üçün Azərbaycan Dilində Vurğunun Praktik Məsələləri adlı məqaləyə də nəzər yetirə bilərsiniz.  1. İsimlərdəki şəxs(xəbərlik) şəkilçiləri Məsələn: müəli'məm müəli'msən müəli'mdir müəli'mik müəli'msiniz müəli'mdirlər Qeyd: -dır4