XÜLASƏ
Açar sözlər: folklor, bilinqvizm, multikulturalizm, tolerantlıq, regional xüsusiyyətlər, Lahıc folkloru
MULTICULTURALISM AND BILINGUISM IN OUR FOLKLORE
Summary
In the article in Azerbaijan which is considered as a multinational country the main line of the national policy the appearances of multiculturalism have been investigated in different branches of the social life and culture, including in folklore examples, bilinguism being the main means of multiculturalism was tried on the contrary combining of the different national and religious unities for a single purpose, to create the possibility of mutual respect and confidence . Key words: folklore, bilinguism, multiculturalism, tolerance, the regional peculiarities, Lahij folklore
Multikulturalizmin millətlərarası münasibətlərdə aparıcı xətt kimi hakim olduğu Azərbaycanda yaşayan hər bir xalqın dili, dini baxışları və mədəniyyətinin özünəməxsusluqları polilinqvizmin doğurduğu multikulturalizm hadisəsinin araşdırılmasını dövrümüz üçün artıq dərəcədə aktuallaşdırmışdır. Dünyada baş verən qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi məsələsinin maraqlı tərəfi ondan ibarətdir ki, tədqiqata təkcə ərazinin ən böyük bir etnosu kimi Azərbaycan xalqı deyil, həm də Azərbaycan ərazisində kompakt şəkildə yaşayan milli azlıqlar da cəlb edilir. Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi, tat, lahıc, xınalıqlı, avar, udi və digər azsaylı xalqların məişəti və mədəni həyatı həm yerli, həm də xarici alimlərin maraq dairəsinə ciddi şəkildə daxil olmuşdur .
Müasir dünyamız bir tərəfdən sosial –iqtisadi problemlərin doğurduğu qlobal iqtisadi böhran, digər tərəfdən dünyanın hərbi-siyasi gücləri arasında dünya bazarlarının bölüşdürülməsi və daha artıq siyasi nüfuz uğrunda gedən mübarizələr, üçüncü tərəfdən isə hər gün daha da genişlənən transmilli cinayətkarlıq, mütəşəkkil millətçi radikal qruplar, “məzhəb çıxaran, yol ayıran xadimi-ədyan”ların yaramaz əməllərinin nəticəsi olan firqəçiliyin və günbəgün fəsadları çoxalan dini təəssübkeşliyin sərhədlərini aşaraq məzhəblər və fərqli dinlər arasındakı ziddiyyətlərin süni şəkildə qabardılması kimi reallıqlarla üzləşib. Xalqlar arasında münaqişələrin yerini səmimi və qarşılıqlı anlaşmanın alması hər bir ayıq düşünən insanı maraqlandırır, çünki milli və dini ədavətin nəticəsi mənasız müharibə və günahsız qurbanlardır.
Multikulturalizm mürəkkəb strukturlu və fərqli mədəniyyətlərə söykənən müasir cəmiyyəti səciyyələndirən ən mühüm cəhətlərdən biridir. Onun mövcudluğu dövrümüzün obyektiv reallığı olmaqla, artıq sosial tələbata çevrilmiş və hər bir insanın özünü yaşadığı ölkənin tamhüquqlu vətəndaşı kimi hiss etdiyi, özünün milli identikliyini və bu müstəvidə milli mədəni ənənələrini hər zaman qoruduğu bir cəmiyyətin varlığı həmin dövlətin imicini yüksəldən atributlardan sayılır. Müasir Azəbaycanın reallığı hesab edilən milli və dini əlvanlıq ölkəmizdə birdən-birə yaranmamışdır. Ölkəmizin ərazisi tarixən fərqli imperiyaların tərkibinə qatılmış, müəyyən zaman müddətində azğın işğalçıların hücumlarına məruz qalmış və onlar da özləri ilə bərabər həm milli və dini özəlliklərini, həm dini inanclarını, həm də mədəni adət-ənənələrini bizim torpaqlara gətirmiş və gətirdikləri ya zorən, ya da ki könüllü olaraq qəbul edilmişdir. Azərbaycanda yaşayan xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə keçirməsinə imkan vermişdir. Azərbaycanın şimal-qərbində (Quba, Xaçmaz, Qusar, Siyəzən, Dəvəçi, Xızı, Abşeron, Şamaxı , Qobustan, İsmayıllı, Ağsu, Qəbələ, Oğuz, Zaqatala, Qax, Balakən) ləzgi, avar, tat, lahıc, xınalıqlı, haputlu, molokan ruslar, ingiloy, tsaxur, qrız, dağ yəhudiləri, udi və s., cənub –şərqində (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı ) isə talışlar kimi azsaylı xalqlar yaşasalar da, qeyd etmək lazımdır ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində əhalisi böyük sürətlə artmış və artıq meqapolisə çevrilməkdə olan paytaxt Bakı şəhərində Azərbaycanda yaşayan bütün azsaylı xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Bütün bu millətlərin nümayəndələrinin yaşadığı Bakı şəhərində dil, din və adət-ənənə fərqlərini müşahidə etmək heç də həmişə mümkün deyil, amma bu regionlarda özünü daha aydın və tez-tez büruzə verir. Kulinariya və geyim mədəniyyətində, bütün ölkəmiz üçün ümumi sayılan bayramların keçirilməsi və məişətimiz üçün ənənəvi sayılan toy və yas mərasimlərin təşkilində, milli və dini fəqlilikləri olan insanların ünsiyyət qurmasında, ortaq mədəni dəyərlərin təzahür etdiyi məqamlarda, həmçinin hər bir xalqın ədəbiyyatının bünövrəsi sayılan şifahi xalq ədəbiyyatı nümunələrinin janr və süjet baxımından ortaq əlamətlər qazanmasında müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri danılmazdır.
Azərbaycanda multikulturalizmin və bilinqvizmin təzahürünü görmək üçün ümumi qeydlərlə kifayətlənmək mümkün deyil. Bu məqsədlə Azərbaycan folklorunda bilinqvizmin rolu bu məqalənin əsas obyekti kimi müəyyən edilmişdir.
Bilinqvizm multiulturalizmin tərkib hissəsi olub onun daha aydın şəkildə təzahürü və sosial–tarixi baxımdan əsaslandırılmasının mühüm amili esab edilməlidir. O, mədəniyyətlərarası dialoqun əsas vasitəsi kimi fərqli mədəniyyətlərin yanaşı yaşamasını təmin edir. Dil cəmiyyətin varlığının ən mühüm göstəricilərindən biri və şüurlu məxluqun ozünüifadə vasitəsidir. Bir məsələ də heç də şübhə doğurmur ki, hər bir xalq böyük və kiçik olmasından asılı olmayaraq ana dilini özünüifadə və özünütəsdiq vasitəsi hesab edir və milli özünəməxsusluğunu ictimai həyatın hər bir sahəsində onun köməyi ilə nəzərə çatdırır. Azərbaycanda bir sıra dünya ölkələrində olduğu kimi bilinqvizmin bir sosial –mədəni hadisə kimi inkişafının əsas səbəbləri aşağıdakılar göstərilə bilər:
· Tarixi və siyasi hadisələr, coğrafi yerdəyişmələr
· Hakim dil və hakim millət faktorunun güclənməsi
· Hakim dilin dövlət dili statusuna malik olması, onun aparıcı ünsiyyət vasitəsi və məktəblərin əksəriyyətində təhsil dili kimi fəaliyyət göstərməsi
· Başqa ölkələrin və xalqların mədəniyyətinin öyrənilməsi ,öz doğma mədəniyyətinin dərindən dərk edilməsi və mədəniyyətlərarası dialoqun yaranması
Bütün tarix boyu bir insan bir yaxud bir neçə dildə danışmağa ehtiyac hiss etmişdir. Keçmişdə və bu gün eyni bir coğrafi məkanda yanaşı yaşamış fərqli millətlərin nümayəndələri bir-birindən fərqləndikləri kimi onların arasındakı münasibətlər də həmişə eyni olmamışdır: ya onlar qonşuluğunda yaşayanlar haqqında heç bir məlumata sahib olmamış, ya müəyyən məlumata sahib olsalar da, bir-biri ilə heç bir əlaqə qurmamış, hətta bəzən nifaqda yaşamış, ya da ki bir-birini yaxından tanımış, bütün milli və dini fərqliliklərə baxmayaraq mehriban qonşuluq münasibəti qurmuş, bir-birinin iqtisadi, mədəni və normal insani həyatlarında ortaq dəyərlər əldə etmiş və müəyyən tarixi məqamlarda vahid ideya və məqsəd ətrafında birləşmişlər.
Polietnik tərkibə malik olan dünya ölkələrinin sosial-kommunikativ sistemində dillər bir-biri ilə elə qaynayıb qarışır ki, bu zaman bilinqvizm mühüm bir vasitə kimi eyni sosial-coğrafi məkanda yaşayan müxtəlifdilli insanlar arasında qarşlıqlı anlaşma mümkün olur və dil maneəsini aradan götürür. Müasir dünyanın dil baxımından inkişafında mühüm istiqamətlərdən biri kimi bilinqvizm bir ölkə yaxud məhdud ərazi daxilində iki dilin eyni zamanda mövcudluğu yaxud insanlar tərəfindən eyni səviyyədə işlədilməsi kimi başa düşülür. Müasir dünyada bilinqvizm adalanan bu dil hadisəsi çox yayılmış və məşhurlaşmışdır.
Bilinqvizm, belə demək mümkünsə, iki dil dünyasının məhsulu olub həmin dünyalara məxsus insanların fərqli bir xalqın mədəniyyəti ilə bağlı yeni informasiya əldə etməklə zənginləşən ikidili şəxsiyyətin formalaşmasına səbəb olur. Bu ona gətirib çıxarır ki, bir xalqa aid olan milli və maddi-mənəvi dəyərlər zaman keçdikcə başqa bir xalqın nümayəndələri ilə qarşılıqlı ünsiyyət və yanaşı yaşama şərtlərində ortaq mədəni ənənələrin yaranmasına təsir göstərir. Müasir dünyamızda bilinqvizm həm sosial və kulturoloji baxımdan önəmli bir hadisə kimi bir çox tədqiqatçıların obyekti kimi həmişə maraq doğuran məsələlərdəndir. Məsələn: Kanadada ingilis və fransız dillərində, İsveçrədə eyni zamanda 4 dildə: alman, fransız, italyan və reteroman dillərində danışan insanlar yaşayır. Birinci halda bilinqvizm, ikinci halda isə polilinqvizm hadisəsi ilə üzləşirik.
Qədim mənbələrdə “dillər dağı” yaxud “dil topası” adlanan və həqiqətən də, bir-birindən tamamilə fərqlənən dillərin funksionallaşdığı Qafqazın həm təbii sərvətləri, həm də milli və dini özəllikləri ilə çox maraq doğuran bir parçası da Azərbaycandır. Ölkəmizin əsasən şimal-qərb və cənub- şərq regionlarında etnik müxtəliflik olduqca aşkar şəkildə özünü büruzə verir. Azərbaycanda bilinqvizm bütün azsaylı xalqların yaşadığı yaşayış məntəqələrində rast gəlinir, polilinqvizm isə hələ rus çariçası Yekaterina dövründə Azərbaycanın bir sıra bölgələrinə kompakt şəkildə köçürülmüş molokan rusların məskunlaşdığı kəndlərin birində - İsmayıllı rayonunun İvanovka kəndində mövcuddur. Maraqlı cəhət bundan ibarətdir ki, həmin kəndə köçüb gəlmiş ləzgilər həm öz ana dilləri - ləzgicəni , həm dövlət dilini-azərbaycancanı, həm də İvanovka kəndinin əsas sakinlərinin dilini-ruscanı bilirlər. Təbii ki, hər dildən fərqli məqsədlər üçün istifadə edilir. Bilinqvizmin yaranma səbəbləri sırasında siyasi, tarixi, müxtəlif ölkələr və xalqlar arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi aid edilir.
Bu baxımdan Azərbaycanın bölgələrindən biri olan İsmayıllı rayonu olduqca maraqlıdır. Bu bölgə 3 fərqli coğrafi lanşaftda (dağlıq ,dağətəyi və düzənlik ) yerləşmiş, Azərbaycan tarixinin mühüm mərhələlərinin işlərini qoruyub saxlamış, xalq sənətləri ənənələrinin bu gün də yaşadığı və yəhudi, türk, Qafqaz, İran və slavyan mənşəli xalqların əmələ gətirdiyi etnik mənzərəyə sahib olan bir bölgədir. Maraq dairəmizdə olan lahıcdilli mühitdə yuxarıda qeyd edilənlər özünü əksər hallarda göstərə bilir: lahıclı azərbaycanca eşitdiyi ya da oxuduğu bir söyləntini tam şəkildə anlayır və məzmununu lahıcca ifadə edir, ya da azərbaycanca olan bir mətni elə eşitdiyi dildə yenidən nəql edə bilir, ya da ki eşitdiyini həm Lahıc, həm də Azərbaycan dillərində həmin dillərin tələb etdiyi formada müsahibinə çatdırır. Bunu xüsusilə alınma folklor nümunələrində görmək olur, belə ki söyləyici öz dil bilgisi səviyyəsindən asılı olaraq bir nümunəni eşitdiyi dildə, digər nümunəni hər iki dildə, başqa bir nümunəni isə doğma dilində ifa edir. Folklor söyləyicləri öz təbiətləri etibarilə adətən axtarıcı olurlar və güclü yaddaşları hesabına bildikləri və başqa dillərdə eşitdikləri folklor nümunələrini ifa şəraitindən asılı olaraq həm öz ana dilində, həm də həmin folklor nümunələrini eşitdikləri dildə- Azərbaycan dilində söyləməklə həm öz folklor repertuarını yeni süjet, janr, bədii fiqurlar və formalarla zənginləşdirir, iki fərqli dildən eyni zamanda istifadə etməklə maraqlı sintezə nail olur, belə ki öz ana dilində çətinlik çəkərək demək istədiyini digər dildən istifadə etməklə söyləyir.
Lahıcda və onun ətarfındakı 16 kənddə tatdilli əhali yaşayır. Ona qonşu olan yalnız 3 kənddə azəri türkləri məskunlaşıblar. Bu ərazidə yanaşı yaşayan fərqli etniklər o qədər bir-biri ilə qaynayıb qarışıblar ki, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrin müəlliflərinin milli mənsubiyyəti, demək olar ki, heç bir əhəmiyyət daşımır. Birgə yaşayışın və qarşılıqlı zənginləşmənin nəticəsi olaraq yaranan folklor nümunələri ümumazərbaycan ədəbiyyatını xəzinəsində layiqli yer tuturlar. Tatdilli əhali arasında xüsusilə seçilən lahıcların folkloru Azərbaycanda yaşayan digər xalqların folkloru ortaq və fərqli xüsusiyyətlərə malikdir. Tarixi və mədəni köklər, birgə yaşayış, oxşar sosial–ictimai problemlər və s. elə bir zəmin yaradıb ki, lahıcların folklorunda Azərbaycan və dünya folklorunda rast gəlinən ortaq nağıl süjetləri, məzmunu və təyinatı bir-birinə bənzəyən epik nümunələr, qonşu xalqların folklor nümunələrinin yeni formada interpretasiyaları özünü aydın şəkildə büruzə versin.
Lahıc folklorunun əksər nümunələri digər azsaylı xalqların folklorunda olduğu kimi iki dildə- Lahıc və Azərbaycan dillərində yaranır və ifa edilirdi. Dünyanın bütün folklorşünasları birmənalı olaraq qeyd edirlər ki, dünya xalqlarının yaratdıqları bədii nümunələrdə oxşar motiv , süjet, qəhrəman, habelə həyat hadisələrinə oxşar münasibət görmək mümkündür. Hər bir xalqın folklorunda yalan, tənbəllik, lovğalıq, xəyanət, böyüklərə hörmətsizlik, tamah kimi bəyənilməyən insani xüsusiyyətlər, yaxud hər zaman vəsf edilən anaya və vətənə sevgi, qayğıkeşlik, səxavətlilik, xeyirxahlıq kimi keyfiyyətlər özünə yer tapır. Lahıc foklorunun əmələ gəlməsi folklor daşıyıcısının Lahıc dilini hansı səviyyədə bilməsi, onun həyat tərzi, məşğuliyyəti, təhsili, dini baxışlar, başqa xalqların folkloru ilə tanışlıq imkanlarından asılı olur. Folklor söyləyiciləri xüsusi məharət, güclü yaddaş, impovizə bacarığı, hər iki dildə zəngin söz ehtiyatı, baməzə və gözəl nitqə malik idilər. Onların təhsili yox idi, amma öz cazibəli və məntiqli nitqləri ilə dinləyiciləri uzun müddət gərginlikdə saxlaya bilirdilər. Bunun üçün söyləyicilər hadisələrin məkanını və qəhrəmanlarını şəraitə uyğun olaraq dəyişir, asanlıqla bir dildən başqa dilə keçə bilirdilər. Məsələn: bəzi nağılçılar nağılın pişrovunu azərbaycanca, əsas hissəni isə lahıcca söyləyirdilər. Lahıc dilində yaranmış nağıllar o qədər də çox deyildi. Lakin söylənən nağılların əksəriyyətini Azərbaycan(türk) və İran motivli nağıllar təşkil edirdi. Bu zaman ümumtürk folklorunun tərkib hissəsi olan Azərbaycan folklorunun güclü təsiri hiss olunur. İlk növbədə demək lazımdır ki, Lahıc folklorunda İran ədəbiyyatı, folkloru, musiqisi və məişətinin izləri də aydın hiss olunur. Bunu nağılların motivlərindəki (Şah Abbas, divlər, cinlər, pəhləvanlar, dərvişlər, keçəllər, qaranlıq və işıqlı dünya, mistik 3,7 və 40 ədədləri ) və atalar sözü və məsəllərdəki tərcüməsiz oturuşmuş paralellizm, həyata oxşar baxış, müqayisə üçün seçilmiş detallarda belə bu təsiri görmək mümkündür.
İndi də ayrı-ayrı folklor janrlarının seçdiyimiz foklor mühitində, yəni İsmayıllı rayonu Lahıc qəsəbəsində nümunələrinin araşdırılmasına keçək. Lahıc lətifələrinin əsas xüsusiyyəti odur ki , onların Qulu Şeyda, Nəcəfalı Möytab, Nəzər Aliheydər, Ələmdar kimi özünəməxsus yerli qəhrəmanları var, Lahıc dilində söylənir və elə lahıcların arasında daha çox dolaşır. Lahıc əhalisi həmişə ədəbiyyata həvəs göstərdiyindən burada Bəhlul Danəndə və Molla Nəsrəddinlə bağlı lətifələr daha çox söylənilirdi. Lahıc lətifələrinin əsas qəhrəmanı sayılan Qulu Şeyda ilə bağlı bir neçə lətifədə Azırbaycan və digər xalqların lətifələrində oxşar məqamlara da rast gəlinir . Məsələn: bir dəfə ərdə olan iki qızının yanına gedən Qulu Şeyda bir qızı üçün gün çıxması, o birisi üçün yağışın yağması üçün dua edir. Arvadı qızlarının halını soruşduqda Qulu belə deyir: “Hələ ki pis deyillər, amma yağış yağsa, vay böyüyün, yağmasa, vay kiçiyin halına” Bu lətifədə diqqət çəkən bir məqamı qeyd etmək yerinə düşərdi: Qulu Şeydanın sıra lətifələrində ənənəvi lətifə qəhrəmanlarının, xüsusən də Molla Nəsrəddinin təsiri aydın hiss olunur. Lahıcda lətifələr yerindən asılı olaraq həm Lahıc, həm də Azərbaycan dilində nəql edilirdi və maraqlısı də bu idi ki, lətifələrdən çıxan və indi də zərbi-məsəl kimi işlənən ifadələr, məsələn: “Sən çaldın”, “Dava yorğan davası imiş” ya da ki Bəhlul Danəndə lətifələrinin birində söylənən “Qoyunu qoyun, keçini keçi ayağından asarlar” fikirləri əsasən azərbaycanca deyilirdi . Lahıc folklorunda atalar sözləri və məsəllər xüsusi yer tutur. Onları yaranma tərzinə görə 3 yerə ayırmaq olar:
· Azərbaycan və fars dillərindən Lahıc dilinə tərcümə olunanlar: Pötıra bı ləiftı görə duroz soz –Ayağını yorğanına görə uzat
· Yalnız azərbaycanca səslənənlər: Cücəni payızda sayarlar
· Yalnız lahıcca səslənənlər : Qəribə səyə dımi bə are lingi bə biran-Yad itin quyruğu ayaqlarının arasında olur
Azərbaycan folklorunun lirikasının tacı sayılan bayatılar Lahıcda yalnız azərbaycanca söylənilirdi. Bəzən bu bayatılara yerli şəraitlə bağlı elementlər əlavə edirdilər.
Stəkanım qanlıdır ,
Əl dəymə ,dərmanlıdır.
Əslimi xəbər alsan,
Əslim Girdimanlıdır.
Amma bu bayatıların janr spesifikasına əməl edərək şair təbli lahıclar dillərində bayatılar qoşurdular:
Niyola üşeyirə, = Niyalın var meşəsi ,
Vəçi bənövşeyirə. = Doludur bənövşəsi.
Bə qürbət ərs çımmənə= Gözümün qərib eldə
Ki mı dorı püşöyirə. ? = Ağlamaqdır peşəsi .
Bu müəlifli bayatılarda “əzizinəm , aşiqəm ,mən aşiq ” kimi rekursiv elementlərdən istifadə olunmurdu.
Belə nümunələrin sayını artırmaq olardı , lakin məqalənin həcmi buna imkan vermədiyindən yuxarıdakılarla kifayətlənməli olduq. Lahıc folklor mühitində yaranmış müəyyən nümunələrin və onların yarandığı bilinqval dil mühitini səciyyəvi xüsusiyyətlərini araşdırarkən aşağıdakı nəticələrə gəldik :
· öz dilində olan folklor nümunələrini digər xalqların folklor nümunələri ilə müqayisə etmək imkanı əldə edilir
· digər dildə eşitdiyi folklor nümunəsindəki hadisələr yerli coğrafi məkana köçürülür və qəhrəmanlar auditoriyadan asılı olaraq fərqli dillərdə danışdırılır
· folklor yeni mövzu və janrlarla zənginləşir
· həyatın bütün sahələrində ,o cümlədən Azərbaycanda yaşayan azsaylı xalqların folklorunda aşkar edilən oxşarlıqlar həmin milli azlıqları daha da yaxınlaşdırır
· multikulturalizm Azərbaycan cəmiyyətində müxtəlif millətlər arasında qarşılıqlı etibar və hörmət hissinin formalaşması, dini məsələlərdə dözümlülüyün nümayişi , fərqli mədəniyyətlərin bir-birini tamamlayaraq zənginləşdirilməsi, ölkə və beynəxalq səviyyəli tədbirlərdə mədəniyyətlərarası dialoqun qurulması və dövlət dili ilə yanaşı azsaylı xalqların milli mənliyinin sübutu olan ana dillərinin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir.
İstifadə olunmuş ədəbiyyat:
1. Folklor terminləri ,Bakı ,2010 ,140 s.
2. Hacıyeva M.Lahıc nağıllı dünyam , Bakı ,2013 , 224 s.
3. Hüseynova G. Lahıc tatlarının dili ,Bakı ,2002 , 198 s.
4. Qulu Şeyda lətifələri .Tərtibçi :Əkbər Kərimli ,Bakı .2003
5. Миллер Вс. Татские этюды ,часть I ,Москва ,1905
AMEA Folklor İnstitutunun dissertantı Əliyev Dadaş
Yorumlar
Yorum Gönder