Dünyada baş verən qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi elmimizin humanitar istiqamətində geniş vüsət alıb. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki , tədqiqat obyektinin təkcə böyük bir etnos kimi Azərbaycan xalqının deyil , həm də Azərbaycan ərazisində kompakt şəkildə yaşayan milli azlıqların olmasıdır. Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi ,tat , lahıc , xınalıq , avar , udin və digər azsaylı xalqların məişəti və mədəni həyatının özünəməxsusluqları həm yerli , həm də xarici alimlərin maraq dairəsinə daxil olmuş və folkloristika elmində yeni bir istiqamətin yaranmasına səbəb olmuşdur.Azərbaycanda yaşayan xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə keçirməsinə imkan vermişdir. Təbii ki , ölkəmizdəki çoxdillilik həm də əlvan rəngli mədəniyyətin , multikulturalizmin meydana gəlməsi üçün münbit zəmin yaradır. Azərbaycanda yaşayan hər bir xalqın dili , dini baxışları və mədəniyyətinin özünəməxsusluqları polilinqvizmin doğurduğu multikulturalizm hadisəsinin araşdırılmasını dövrümüz üçün artıq dərəcədə aktuallaşdırmışdır.
Geniş vüsət almış bu araşdırmaların obyektlərindən biri Azərbaycanın qədim yaşayış məskənlərindən sayılan Lahıc qəsəbəsi, orada və onun ətrafında yaşayan tat dilinin bir ləhcəsi kimi elə Lahıc dili adlandırılan dildə danışan milli azlıq olan lahıclardır. Bu şəhərtipli qəsəbə doğrudan da bir orta əsrlər feodal şəhəri təəssüratı yaratmaqla özündə çoxəsrlik tarixin izlərini qoruyur. Lahıcın maddi-mədəni irsi tədqiqatçılarının və turistlərin daha çox diqqətini çəkir : özünəməxsus memarlıq üslubunda tikilmiş yaşayış binaları , məscidlər , hamamlar , sənətkarlıq dükanları və bulaqlarla yanaşı hələ XVIII-XIX əsrlərdən bu günə kimi Azərbaycanın mühüm sənətkarlıq mərkəzlərindən biri kimi tanınma , habelə Lahıc və ətraf ərazidə yaşayan lahıcların məişəti , dili və mədəniyyəti . Kənd təsərrüfatı ilə məşğul olmaq üçün əlverişli şərait olmadığından və qış nisbətən uzunmüddətli keçdiyindən Lahıcda vaxtilə əhalinin əsas məşğuliyyəti metalişləmə sənətkarlığı və ticarət olmuşdur. Lahıc həm də ətrafında olan 20-yə yaxın kənd üçün də bir iqtisadi və mədəni mərkəz rolunu oynayıb . Lahıc tarixən Şirvanın həm strateji , həm də mədəni inkişaf baxımından ən mühüm məntəqələrindən biri kimi sonralar Şirvanşahlar dövlətinin tərkibinə qatılmış kiçik feodal dövləti Lahicanşahlığın mərkəzi , həm də XVII əsrdə Osmanlı dönəmində Şirvan bəylərbəyliyinin 7 sancaqlığından biri olmuşdur. Həm zəngin tarixə malik olan ,həm sənətkarlıq mərkəzi, həm spesifik memarlıq üslubunun qorunub saxlandığı yaşayış məskəni, həm İranmənşəli tayfalara mənsub olan milli azlıq sayılan lahıcların yaşadığı məkan kimi tanınmış Lahıc özünəməxsus folklor ənənələrinin bu gün də yaşadıldığı əsrarəngiz bir diyardır.
Azərbaycan şanlı tarixi keçmişə və əsrlərin arxasından bu günümüzə gəlib çatan zəngin mədəniyyətə malik olan bir ölkədir.Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın əldə etdiyi maddi-mənəvi dəyərlərində Qərb və Şərq sivilizasiyalarının , çoxrəngli milli palitrasının, tolerantlıq şəraitində yanaşı fəaliyyətdə olan fərqli dini konfessiyaların təsiri özünü aşakar şəkildə büruzə verir. Hər bir xalqın tarixində sevincli və kədərli günləri olur.Təbii ki ,Azərbaycan xalqı taleyinə düşən kədər və fərəh dolu tarixi günləri özünəməxsus tərzdə qeyd etməyə çalışır. Xalqımız öz təbiəti etibarilə nikbin olduğuna görə milli bayramlarını həmişə yüksək şövqlə , təmtəraqla və həvəslə keçirir. “Bu bayramlardan ən gözəli ,ən əzizi Novruz bayramıdır” desək, yanılmarıq.
Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərləri içərisində Novruz bayramı mühüm bir mədəniyyət hadisəsidir. Novruzun elementləri çox , məzmunu isə dərindir. Bu bayramın qədim mədəni kökləri və mənəvi qaynaqları vardır. Novruz bayramı yazın gəlişini təcəssüm edən qədim xalq bayramıdır. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda dövlət bayramı kimi də qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz şənliklərində gəzintilər, xalq oyun və tamaşaları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları təşkil olunurdu. Novruz bayramında müharibələr və çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanırdı. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər Şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi Günəş təqviminin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz bayramının tarixi və mənşəyi, onunla bağlı miflər və əfsanələr qədimdir. Tədqiqatçılar sübut edirlər ki , Novruz bayramı məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəlmişdir. Bəziləri Novruz bayramını Zərdüştün və əfsanəvi İran şahları Kəyumərs, Cəmşid və başqalarının adları ilə bağlamağa çalışmışlar. Hər bir xalq Novruz bayramı ilə bağlı özünün etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum mərasimləri yaratmışdır. Novruz bayramı da özünəməxsus tərkib elementlərinə malik arxaik mövsüm mərasimidir, Novruz bayramında bir milli bayram kimi bir çox tərkibi elementin : səməni cücərtmə, tonqal qalama, od üstündən tullanma, qulaq falı , yumurta boyama və yumurta döyüşdürmə, qurşaqatdı, kosa-kosa, kəndirbaz oyunu, xoruz döyüşdürmə, it boğuşdurma adətlərinin rudimentlər kimi müşahidə olunmasına imkan yaradır. Yumurta boyamaq və döyüşdürmək qışla yazın, soyuqla istinin mübarizəsinin , səməni cücərtmək təbiətin canlandırmağın , qulaq falına çıxmaq isə məlumatın yeniləşməsinin nümayiş etdirilməsidir . Bayram adətlərindən biri də sonraki dövrlərdə qurşaq atmaq və ya şal sallamaqla əvəzlənmiş torba atmaq adətidir. Orta əsrlərə aid yazılı mənbəələrdə bu adətlərin atəşpərəstlik dönəmində mövcud olduğu və xüsusi kahinlər tərəfindən icra olunması haqqında məlumatlar vardır. Bütün bu adları yuxarıda çəkilən Növruzun arxaik ritual elementləri tamamilə zərdüştlüklə də bağlamaq düzgün olmazdı , çünki Azərbaycan mədəniyyətinin ümumən formalaşmasında müxtəlif sivilizasiyaların və fərqli dini baxışların təsiri danılmazdır, çünki dünyanın əksər xalqları yazın gəlişini xüsusi mərasimlər təşkil etməklə bayram edir .
Artıq yuxarıda qeyd edildiyi kimi qədim sənətkarlar yurdu sayılan Lahıc qəsəbəsində yaşayan lahıcların Novruz bayramına və onun qeyd olunmasına xüsusi münasibətləri vardır. Burada kompakt şəkildə yaşayan lahıcların dili və mədəni ənənələri Novruz bayramının qeyd olunmasında özünü göstərir. Azərbaycan ərazisindəki xalqların biri olan lahıclar Novruz bayramına fərqli yanaşmaqla bərabər, onu əsl milli bayram kimi keçirir və hər bir mərasimin məzmununu daha da zənginləşdirirlər.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki , Novruz sözünün ifadə etdiyi məna lahıcların danışdığı dilin vasitəsilə “yeni gün” kimi izah edilir.Bu bayram tarixən Yaxın Şərqin əkinçiliklə məşğul olan xalqlarının arasında meydana gəlib. Onun mənşəyini müxtəlif cür izah etməyə çalışıblar . İslam dini Azərbaycanda yayılmağa başladıqda əvvəlcə radikal din xadimləri və müxtəlif təriqətlərə mənsub olan şəxslər tərəfindən təqiblərə və qadağalara məruz qalan Novruz bayramı zaman keçdikcə İslamın IV xəlifəsi Həzrət Əlinin adı ilə əlaqələndirmiş , hətta lahıclar bu bayrama “id cənob Əmir” yəni Cənab Əmirin bayrami kimi ad vermişlər.
Novruz bayramı ,sözsüz ki , lahıcların bütün ilboyu hazırlaşdqları və bir bayram kimi həm də xeyir işlər(ev tikmə ,toy , nişan , alış-veriş ) üçün başlanğıc nöqtəsidir. Novruz bayramına hazırlığa lahıclar qışda çillələrin başlanma və bitmə tarixlərini qeyd etməklə başlayırdılar
Novruz bayramının səhərisi günü lahıcların dediyi bir ifadə çox maraqlıdır : “ Novruz bayramı gəlsəydi , bir az boyat aş yeyərdik ”.Bu ,bəlkə də , xalq arasında dolaşan bir şəbədə ilə “Varlı aşı nə vaxt yeyər bu cümədən o cüməyə , kasıb aşı nə vaxt yeyər : bu Novruzdan o Novruza” Lahıclar Novruz bayramından başlayaraq yaz,yay və payız fəsillərində təsərrüfat fəaliyyətini elə səmərəli qurmağa çalışardılar ki , dağlıq şəraitdə uzun və sərt qış zamanı çətinliklər yarana bilməsin. Hər bir lahıc öz evinin qızdırılması üçün yanacaq(odun ,kömür) , ərzaq (un ,buğda) və heyvanlar üçünsə ələf (ot ,saman ,yarma ) ehtiyatı görürdü. Böyük çillənin başa çatdığı (yanvar ayının son 4 günü)və çiçik çillənin başlandığı (fevral ayının ilk 4 günü) 8 gün qışın ən sərt və soyuq günləri sayılır və həmin günlər lahıcların dilində “çor-çor”adlanırdı. “Çillə və çor “ sözləri lahıcların dilində müvafiq olaraq 40 və 4 mənalarını ifadə edir. Qonşular çillə ərəfəsində tez-tez bir-birinin evinə yığışar , müxtəlif çərəzlər və yeməklər (hədik ,qovurğa , qara halva , təndirdə boranı külləməsi , boranının dilimlər halında və nəzirlik səməninin bişirilməsi , ət və buğdadan hazırlanan hərisə yeməyi, şəkərçörəyi ) hazırlanar , maraqlı nağıl ,lətifə ,tapmaca və məzəli əhvalatlar söylənilərdi . Xıdır Nəbi bayramı geniş şəkildə keçirilməsə də ,bu mərasimlə əlaqədar xüsusi çörək növü bişirilirdi. Adına “xıdıri”deyilən bu çörək yarım acımış və ya acımış xəmirdən bişirilərdi. Xıdıri Lahıc evlərində tez-tez bişirilən çörək növü idi .Həmin formada çörəyi bir neçə məqamda bişirərdilər:
·Böyük çillə ilə kiçik çillənin qovşağında
·Çörəyə qatılan müəyyən göy və otlar bitəndə
·Evlərdə yeni təndir istifadəyə veriləndə
·Sürətli çörək bişirmək lazım gələndə
·Müəyyən dini bayramlarda (Qurban , Ramazan )
Onun tərkibinə yağ qatılardı , bişəndən sonra bəzən üzərinə şor sürtülərdi.Təndirdə yapmazdan əvvəl xüsusi taxta daraqla (nünnaxşın) naxışlayırdlar .
Artıq yazın yaxınlaşması ilə əlaqədar çərşənbələr qeyd olunardı. Dünyanın və insanın yaranmasını 4 ünsürlə : “abi –atəş ,xaki-bad,yəni su ,torpaq ,od və yellə bağlayan lahıclar” hər çərşənbəni bu ünsürlərin birinə həsr edirdilər. Hazırda bu çərşənbələri fərqli şəkildə sıralasalar da , lahıclar su ,od ,torpaq və yel çərşənbələrini ardıcıl olaraq qeyd edirdilər. Lakin Lahıcda adamlar , əsasən gənc oğlan və qızlar çərşənbə axar su başına gedər , qablarını su ilə doldurar , evdəki ailə üzvlərinin sayı qədər daş yığar ,onları suya ataraq bununla da suyun saflaşdırıcı müqəddəs gücü ilə pisliklərin aradan gedəcəyinə ,qad-balanın sovuşacağına inamlarını ifadə edərdilər ,daha sonra suyun üstündən atlanaraq ağırlıqlarının su vasitəsilə axıdılmasını paklıq rəmzi olan sudan ürəklərindən keçirdikləri niyyətlərin həyata keçməsini arzulayardılar. Hər kəs yaxınlıqdakı meşədən ardıc ağacından xırda budaqlar kəsib evə aparırı , sonra isə evdə həmin budaqları əvvəlcədən köz tökülmüş manqaldakı odda yandırar və ardıcın yanmasından əmələ gələn xoş qoxulu tüstü ev əhlinə xüsusi bir əhvali-ruhiyyə gətirərdi. Bundan sonra səhər yeməyi kimi hər bir evdə fərqli olaraq yağlı ətlə qarışdırılarq bişirilən qabıqsız buğda yeməyi , kişmişli südaşı , ballı quymaq və doşablı xəşil süfrəyə gətirilərdi , lahıclar bu yeməklərə pırənbəri ,yəni ənbərli ,ətirli yemək deyərdilər. Bu sözü onlar od və su üzərindən atıldıqları zaman oxuduqları şeirdə də deyirdilər:
Baxtı man ,baxt tı Əli , Çorşənbiho pırənbəri
(tərcüməsi: bəxtimə bəxt ver Əli , çərşənbələrdə pırənbər yetir)
Sonra onlar evlərinə gətirdikləri sudan həyətlərinə və evin divarlarına çiləyər ,ondan içmək üçün istifadə edər və bu suyun onlara xoşbəxtlik və yaxşı gün gətirəcəyinə inanardılar. Sonrakı çərşənbələrdə eyni rituallar icra edilməklə bərabər , tonqallar qalanardı . Tonqalın ətrafında dolanan və axar su üzərindən atlanan gənc qızların çoxu bəxtinin açılmasını və tezliklə nişanlamasını arzu edirək belə oxuyardılar :
Atıl-matıl ,çərşənbə
Bəxtim açıl ,çərşənbə
Hər çərşənbə ilə təbiətdə müəyyən dəyişikliyin baş verməsi evdə və təsərrüfatda canlnmaya səbəb olurdu və qadınlar Girdiman çayındakı seldən sonra topladıqları ağrəngli ovulan daşı isladar ,ondan əmələ gələn qatı şirə məhlulu ilə evin divarların boyayar , müəyyən yır-yığış edər, sonra yorğan-döşək ,xalça-palaz havaya çıxarılar, bir sözlə ,səliqə-sahman yaradılardı . Son çərşənbə xüsusi bir coşqunluqla qeyd olunurdu. Həmin günün axşamı bir qədər şux qızlar yaxın adamlarının evlərin “qapıpusdu”ya gedərdilər və eşitdikləri sözlər ürəklərindəki niyyətlərə uyğun olaraq yozmağa çalışardılar. Əgər uyğun olan və xoş bir söz eşitməsəydilər, yerə bir parça kömür, xoş söz eşitsəydilər , su atardılar .Ona görə də hər kəs həmin gecə evində xoş sözlər deyər , məzəli əhvlatlar danışar və gülərdilər.Novruz bayramı ərəfəsində ətraf kəndlərdən və elə lahıcın özündə təsərrüfatla məşğul olan insanlar satış üçün müxtəlif ərzaq məhsulları qəsəbənin “Qapandibi” adlanan adlanan bazarına gətirədilər. Ən çox da yumurta satılardı.Yumurta döyüşdürmə həvəskarları elə satış yerində qatarlama yolu ilə 50-60 yumurtanı döyüşdürərdilər . Bundan başqa ciblərində da çiy və bişmiş rəngli yumurta gəzdirən və bir-birini yumurta döyüşdürməyə çağıran müxtəlifyaşlı adamlar da çox idi.Böyük meydanlarda xoruz döyüşdürmə həvəskarları da çox idi.İt sahiblər bayram ərəfəsində qəsəbənin kənarında , çox vaxt da çaylaqda əvvəlcədən mərcləşərək öz itlərini boğuşdurardılar.
Əksər ailələr bayram hazırlıqlarını demək olar ki bayrama 2-3 gün qalmış bitirərdilər. Hər kəs çalışardı ki , bayram yeməkləri rəngarəng olsun , mütləq plov bişirilsin (lahıcların ən təmtəraqlı plovu “oş şeş dı ranga” adlanırdı.Xonça üçün müxtəlif bişintilər , şirniyyatlar və xuşgəbər , rəngli şamlar və əlbəttə ki ,bayram üçün məxsusi cücərdilmiş səməni hazırlanırdı .Xonçada olması vacib olan şeylər bunlar idi :şamlar , səməni , qızıl əşyaları , güzgü , alma , səməni halvası , xına , şəkərçörəyi , paxlava , şəkərbura , qoz , fındıq , armud qaxı və s.
Bayram axşamı hamı, hətta bəziləri bütün ailə üzvləri ilə birgə uşaqlar da daxil olmaqla qəbiristanlığa öz yaxınlarının qəbirlərini ziyarət etməyə gedər , qəbirlərin üstünə müxtlif növ şirniyyat düzər , şam yaxud məşəl yandırardılar. Artıq yuxarıda qeyd edildiyi kimi Novruzun tarixi İslamdan çox əvvələ gedir : bayram mərasimlərində tonqalların qalanması və qəbirlərin üstündə məşəllərin yandırılması atəşpərəstliklə bağlı bəzi adətlərin hələ də rudiment şəklində xalqın məişətində qaldığını göstərir. Novruz bayramında oda sitayişlə bağlı elementlər özünü aşkar göstərdiyi halda , bunu digər bayramlarda , o cümlədən Ramazan bayramında qəbirlərin ziyarəti zamanı görmək mümkün deyil , çünki bu bayramda qəbir ziyarətəçiləri artıq şam yaxud məşəl yandırmır ,yalınız dualar və Quran surələri oxumaqla ölülərin ruhlarını yad edirlər.
Qəbir ziyarətindən dönən lahıclar əvvəlcə məhəllə camaatının toplaşdığı məscid meydanına gələr , qabaqcadan həvəskar gənclər tərəfindən iməcilik yolu ilə gətirilmiş ardıc ağacından tonqal alışdırar , tonqalın alışması , onun alovunun dilinin hər dəfə yuxarı qalxması ,möhkəm partlama səsi çıxaran tüfəng və əldəqayırma dayandoldurumların atəş səsləri , oynaq musiqi melodiyaları və tez-tez ucalan “hürröy” qışqırıqları insanlarda bayram coşqunluğunu bir az da artırardı.
Məhəllə tonqalından sonra hər kəs evinə dönər , həyətində , bağında yaxud torpaq damlarda ardıc ağacından tonqallar çatılar və hər bir ailə öz bayram tonqalının ətrafında bayram sevinclərini bölüşərdi.Tonqal sönər-sönməz gənclər onun üstündən pislikləri və bədlikləri odda yandırmaq məqsədilə atılardılar.
Bundan sinra bütün ailə xonça qoyulmuş bayram sufrəsinə əyləşər və böyük həvəslə bayram aşından yeyərdilər. Yemək bitər –bitməz qurşaqatdı (lahıcca kiştinşundan) başlanardı. Bunda ən çox uşaqalr və gənclər iştirak edərdi. Onların arasında tanınmasınlar deyə üz-gözünü bəzəyənlərə və qadın paltarı geyənlərə də rast gəlinirdi.Bu mərasim gecəyarısına qədər davam edərdi.
Novruz bayramının yaxşı cəhətlərindən biri o idi ki ,qohum və qonşular bir-birinə yemək payları göndərərdilər, imkansız və köməksiz ailələrə bayramdan 2-3 gün əvvəl bayramlıqlar göndərən adamlar da az deyildi. Bayram günü heç kim işləməz , bütün dükanlar bağlı olardı , hər kəs imkan daxilində təzə paltar geyərdi . Novruz bayramında küsülülər barışardılar. Əksər uşaqlar evlərə gedir ,bayramlıq paylarını istəyərdilər.Hamı küçə və meydanlarda bir-birilə görüşərək bayramlaşardı . Bu bayramlaşma 3 gün , bəzən bir həftə davam edirdi.Təbrik zamanı müxtəlif ifadələr söylənərdi : “İdişmun müborək (bayramınız mübarək)” ,”Nügə solişmun müborək ,yeni iliniz mübarək ” “Hazorto əzinin id vinin Min belə bayramlar görəsiz” və s. Adətə görə kiçiklər böyükləri ,uşaqlar valideynlərini , qardaşlar bacıları ziyarət etməli , xəstələrə və köməksizlərə xüsusi diqqət göstərilməli idi. Bayram axşamı və bayramda sonra bir həftə ərzində bütün lahıclar bayramlaşmaq üçün bir-birinin evlərinə gedər ,əvvəlcədən aldıqları hədiyyələri də özləri ilə aparardılar. Çox zaman ev sahibləri də növbəti gün onlara bayram hədiyyəsi gətirənlərə qarşılıq olaraq hədiyyə verərdilər. Hədiyyədə geyim şeyləri və şirniyyat olardı.
Novruz bayramının lahıcların məişətində xüsusi yeri olub. Bu bayram həm Sovet hakimiyyəti illərində , həm də ondan əvvəl , həm də müstəqillik illərində şərafətli bir bayram kimi qeyd edilib. Bu bayramın adına da , özünə də qadağalar olduğu vaxtlar belə lahıclar onu bütün təmtəraqı ilə keçirməkdən çəkinməmişlər.
Bütün ruhu insanlara humanizm və xeyirxahlıq , içimizə rahatlıq və sevinc, evlərimizə ruzi və bərəkət , köməksizlərə mərhəmət və diqqət , ürəklərimizə sevgi və şəfqət bəxş edən Novruz bayramı hər bir azərbaycanlının ən istəkli bayramıdır . Novruz bayramı ona görə istəkli bayramdır ki , böyük rus yazıçısı Lev Tolstoy demişkən “onun gəlişini evdə hər bir ailə üzvü hiss edir”.
Hazırda Lahıc qəsəbəsi Novruz bayramının keçirilməsi ilə bağlı vaxtilə mövcud olmuş bütün adət -ənənələrin hamısını qoruyub saxlamasa da , bu bayrama olan sevgi və hörmətini azaltmamış ,əksinə onu daha geniş və daha təmtəraqlı keçirməyə çalışır. Bir məsələni də qeyd etmək yerinə düşərdi : Azərbaycanın digər bölgələrində Kosa və Keçəl kimi Novruz qəhrəmanlarının iştirakı ilə müşaiyət olunan tamaşa və oyunlara lahıcların Novruz şənliklərində rast gəlinmədiyi üçün bu məsələyə toxunulmadı. Lakin hazırda məktəbdə şagirdlərin keçirdikləri Novruz tədbirlərində “Kosa-kosa” oyununun elementlərindən istifadə olunur.
Novruzun lahıcların sevimli bayramı olduğunu sübut edən faktlardan biri də budur ki , Azərbaycanın müxtəlif bölgələrində yaşayan lahıclar Novruz bayramında doğma yurdlarına 1-2 günlüyə də olsa gəlirlər.Bu həm qohumları və həmyerliləri ilə görüşmək ,həm də yaxınlarının qəbirlərini ziyarət etmək ,həm də Novruz bayramı şənliklərində yaxından iştirak etmək üçün imkan olur.Keçmiş lahıclarla bərabər bayram şənliklərini seyr etmək üçün Lahıca xeyli sayda yerli və xarici turist də gəlir .
Düşünürəm ki , nə qədər Azərbaycan var , nə qədər xalqımız yaşayır , Novruz bayramı da olacaq!
AMEA Folklor İnstitutunun dissertantı Əliyev Dadaş
Yorumlar
Yorum Gönder